Bakı. Trend:
Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) icraçı direktoru Detlef Şröderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dən Trend-ə bildirilib ki, görüşdə CEPOL tərəfindən həyata keçirilən və ölkəmizin də iştirak etdiyi TOPCOP (mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat tərəfdaşlığı) layihəsinin icrası, gələcək əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan islahatlardan danışıb və bildirib ki, həyata keçirilən yeniliklərin, təbiq olunan innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Gömrük sisteminin modernləşdirilməsi istiqamətində əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Gömrüyü Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən Avropa Regionuna rəhbər seçilib və bu istiqamətdə iki il davam edən fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib.
Komitə sədri ölkəmizin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətindən bəhs edərək bu sahədə müasir bilik və bacarıqların əldə olunmasına, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqinə xüsusi önəm verildiyini bildirib, istər yerli, istər beynəlxalq qurumların mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq təlim və seminarların keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, görülən işlərin nəticəsi olaraq son üç ildə qaçaqmalçılığa, xüsusi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, 6 tona qədər narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bir neçə cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilib.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən gömrük orqanları əməkdaşları üçün də xüsusi tədrisin təşkil olunduğunu vurğulayıb, eyni zamanda ÜGT –nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində yerləşdiyini və burada da təlim və regional seminarların keçirilməsinin faydasından bəhs edib.
CEPOL-un icraçı direktoru Detlef Şröder səmimi görüşə görə təşəkkürünü bildirib, hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Detlef Şröder vurğulayıb ki, Azərbaycan gömrüyü ilə qurulan səmərəli əməkdaşlıq təmsil etdiyi qurum üçün xüsusi önəm daşıyır və hüquqpozmalara qarşı mübarizədə ümumi işə mühüm töhfə verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.