...

20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh

Siyasət 20 Yanvar 2022 14:36 (UTC +04:00)
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh

Bakı. Cani Babayeva - Trend:

Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. 1990-cı il yanvarın 20-də sovet ordusunun döyüş bölmələrinin Ermənistanın təcavüzkar addımlarına və SSRİ rəhbərliyinin onlara himayədarlığına etiraz etmək üçün Bakının küçə və meydanlarına çıxmış geniş kütlələrə qarşı yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

20 yanvar 1990-cı il Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu.

Sankt-Peterburq Dövlət Universitetinin Post-sovet məkanında beynəlxalq münasibətlər kafedrasının professoru Niyazi Niyazov Trend-ə bildirib ki, 20 Yanvar faciəsinin günahkarları, şübhəsiz olaraq Mixail Qorbaçov və SSRİ-də o dövrün siyasi rəhbərliyi, müdafiə naziri Dmitri Yazov idi.

“Bu artıq çoxdan məlum olan və müəyyən edilmiş faktdır. Həmin insanlara bu məsələdə “dəstəyi” hər sahədə kor-koranə Moskvanın tapşırıqlarına əməl edən Azərbaycanın o vaxtkı rəhbərliyi göstərib. Eləcə də, o zaman özünü müxalif, demokrat və s. adlandıran qüvvələrin qeyri-peşəkar addımları da öz rolunu oynayıb. Yekunda bu insanların qeyri-peşəkarlığı, nəyin bahasına olur-olsun öz ideyalarını təşviq etmək arzusu, digər tərəfdən isə Moskvanın Azərbayanda azadlıq hərəkatının qarşısını almaq arzusu, Azərbaycanın çoxlu oğul və qızlarının sovet ordusu ilə mübarizədə öz həyatlarını qurban verməsinə yol açdı. Yekunda onların ölümü Azərbaycan xalqının gələcəkdə müstəqillik uğrunda verdiyi qurbanların sırasında ilklərdən oldu”, - deyə o bildirib.

N.Niyazov əlavə edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biridir.

“Amma eyni zamanda biz deyə bilərik ki, bu faciəvi hadisələr azərbaycanlıların öz hüquqları, dövlətçiliyin və müstəqilliyin bərpası uğrunda mübarizənin əsasını qoydu. Ona görə də o zaman sovet qoşunlarının qarşısına silahsız çıxan və Azərbaycanın gələcəyi naminə həlak olan insanların qəhrəmanlığı Azərbaycan xalqının tarixində əbədi qalacaq”, - o deyib.

Onun sözlərinə görə, 32 il keçdikdən sonra demək olar ki, Azərbaycan 1990-cı ilin və 1992-1994-cü illərin faciəvi hadisələrindən dərs alıb.

“Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, çox uğurlu xarici siyasət yürüdür. Bu baxımdan, ümid edirəm ki, Azərbaycanın bütün nailiyyətləri həmin qəhrəmanlar üçün özünəməxsus abidəyə çevriləcək” – N.Niyazov bildirib.

Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı politoloq Qriqori Trofimçuk vurğulayıb ki, Bakıdakı hadisələr faciəvi hadisələr sırasında ilk və sonuncu olmayıb, bu hadisələr Tbilisi, Vilnüs və SSRİ xəritəsinin digər nöqtələrinə də toxunub.

“Rəhbərlik özünün bir neçə il ərzində formalaşdırdığı şəraitdə nə edəcəyini bilmirdi. Qorbaçov özü isə özündən başqa hər kəsi istinad gətirərək bütün bu faciələrdən yaxasını kənara çəkirdi. Həm Moskvada, həm də Bakıda öz çöküşünü formalaşdırmış səriştəsiz rəhbərlik artıq heç nə edə bilmirdi”, - deyə o bildirib.

Politoloqun sözlərinə görə, bu gün rəsmi Bakı öz addımlarını dəqiqliklə ölçüb-biçir.

“Azərbaycanlıların müasir, daha mürəkkəb dünyada tez, düşünülməmiş, tələskən addım atmamaq baxımından böyük, hətta faciəvi təcrübəsi var. Bəlkə də məhz bu səbəbdən Azərbaycan post-sovet məkanında ən güclü ordulardan birinə malikdir”, - politoloq deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti