...

Könül Nurullayeva Gənc Parlamentarilərin Forumunda vətənpərvər Azərbaycan gənclərindən danışıb (FOTO)

Siyasət Materials 19 May 2022 10:42 (UTC +04:00)

Bakı. Trend:

Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş diskussiya panelləri keçirilib. Hibrid formatda keçirilən diskussiya panellərində Milli Məclisin deputatları Emin Hacıyev (MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru), Nigar Arpadarai və Könül Nurullayeva iştirak ediblər, müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndiriblər. Forumun “Zamanın reallıqlarında milli sağlamlıq: gəncliyin gündəliyi” mövzusunda diskussiya panelinə onlayn formatda qatılan deputat Könül Nurullayeva mövzu ilə bağlı çıxış edib. Müasir dövrdə gənc nəslin həyatında yeni texnologiyaların böyük yer tutduğunu deyən Könül Nurullayeva Azərbaycanda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb: “Azərbaycan hökuməti gənclər arasında rəqəmsal bacarıqların inkişafına, rəqəmsal iqtisadiyyatda innovasiya, sahibkarlıq və iş yerlərinin yaradılması üçün əlverişli mühitin yaradılmasına diqqət yetirir.”

Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğinin daim Prezident İlham Əliyevin diqqətində olduğunu deyən Könül Nurullayeva, gənclər arasında bədən tərbiyəsi və idmanın populyarlaşması üçün görülən tədbirlərdən danışıb: “Ölkəmizdə gənclərin ictimai fəallığının, dövlət idarəçiliyində iştirakının stimullaşdırılması, gənc ailələrin problemlərinin həlli və s. nəzərdə tutulan “Azərbaycan Gəncliyi” Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir. Gənc alimlərin fəaliyyətinin inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır. Respublikanın paytaxt və rayonlarında gənclər mərkəzləri fəaliyyət göstərir”.

K.Nurullayeva, həmçinin Azərbaycanda könüllülük hərəkatı, gənc nəslin könüllülük fəaliyyətinə cəlb edilməsinə toxunub. Bildirib ki, respublikada könüllülər hərəkatının güclənməsinə “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları və İslam Oyunları kimi nüfuzlu tədbirlərin Bakıda keçirilməsi şərait yaradıb. “Azərbaycanın dövlət gənclər siyasətinin digər istiqaməti gənclərin vətənpərvərlik tərbiyəsidir” deyən K.Nurullayeva qeyd edib ki, əslində vətənpərvərlik həm də ölkənin gələcəyi, mümkün neqativ hallara qarşı mübarizədir: “Azərbaycanın ərazi bütövlüyünün bərpasında xidmətləri olan, Vətən uğrunda canından keçənlərin əksəriyyəti gənc nəslin nümayəndələri idi. Bütün bunlar vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin formalaşmasına xidmət edən düzgün dövlət siyasətinin göstəricisidir. Bu gün Azərbaycan gəncliyi həm də işğaldan azad edilmiş torpaqların bərpasında ön sıralardadır. Bütün bunlar gənclərin milli ideya ətrafında birləşməsində, ölkənin imicinin möhkəmlənməsində, sağlam cəmiyyətin formalaşmasında həlledici rol oynayır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti