...

O zamankı hakimiyyət ölkəmizi vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu - Deputat

Siyasət Materials 6 İyun 2022 15:00 (UTC +04:00)
O zamankı hakimiyyət ölkəmizi vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmizin ən ağrılı, ən bəlalı illəri kimi yadda qaldı. Çünki o vaxt hakimiyyətə gəlmək üçün AXC-Müsavat cütlüyü xəyanət yolunu tutdu, Azərbaycan xalqını aldadaraq zorla hakimiyyəti ələ keçirdi. Məhz onların hakimiyyətdə olduğu 1992-1993-cü illər ölkəmizin ən ağır dövrü oldu, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, AXC-Müsavat cütlüyün hakimiyyəti dövründə onların səriştəsizliyi, xəyanət, cinayət yolu tutaraq ölkədə yaratdıqları anarxiya, xaos, özbaşınalıq, digər tərəfdən cəbhə bölgəsində bir-birinin ardınca baş verən uğursuzluqlar ölkəmizi ağır duruma salmışdı və bundan istifadə edən ermənilər ard-arda torpaqlarımızı işğal edirdi.

“Onların pozucu fəaliyyəti Azərbaycanda AXC-Müsavat cütlüyünə xalq arasında böyük inamsızlıq yaratmışdı. Gəncə hadisələri də məhz ümumxalq inamının heçə enməsinin məntiqi nəticəsi idi.

1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər

Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncam kağız üzərində qaldı və Surət Hüseynov tərəfindən icra edilmədi. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı. Tam əksinə, Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə o zaman Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qır-ğına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş Verdi, nəticədə 35 nəfər həlak oldu;” – deyə deputat bildirib.

O qeyd edib ki, “Gəncə hadisələri” Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

“S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar. Azərbaycan xalqı bu ağır gündə və çıxılmaz vəziyyətdə yeganə ümidi Ulu Öndər Heydər Əliyevdə gördülər.

Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ümummilli liderin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu.

Bu gün Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllər üzərində inkişaf edir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfinədn dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib”,- deyə deputat bildirib.

O qeyd edib ki, o zamankı hakimiyyətin xəyanəti ilə işğal edilən torpaqlarımız 44 günlük Vətən müharibəsində tarixi Qələbə nəticəsində azad olundu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti