Bakı. Trend:
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev və bir qrup qazı ilə gənclərin görüşü keçirilib
İyunun 23-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü
münasibətilə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar
Mirzəyev və bir qrup qazı ilə gənclərin görüşü keçirilib.
Öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü,
suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış
qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirakçıları çox əziz bayram olan 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb: “Bu gün şanlı Qələbəni bizə yaşadan qazilərimizin bir qrupu ilə görüşünüzə gəlmişik. Silahlı Qüvvələr Gününü onlarla birgə qeyd edirik. Bu görüş öz mahiyyətinə görə ən yaddaqalan tədbirlərdəndir.”
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi xidmətləri sırasında Milli Ordunun yaradılması xüsusi yer tutur: “Əsas vəzifəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olan Milli Ordunun ənənələrinin sonrakı dövrdə qorunub saxlanılması və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin yüksək milli təəssübkeşliyi, əzmkarlığı, fədakarlığı, yenilməz iradəsi, qətiyyəti sayəsində hərb elminə dərindən yiyələnən, müasir hərbi texnikadan istifadə etmək bacarığına malik olan peşəkar milli hərbi kadrların hazırlanması, hərbi təhsil sisteminin və müəssisələrinin inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. Ordu quruculuğu işinə böyük önəm verən əbədiyaşar liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun tarixi hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində bu gün Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir: “Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Azərbaycan Ordusunun dünyanın ən güclü və müasir orduları sırasında yer alması ölkə rəhbərliyinin bu sahədə uğurla reallaşdırdığı çoxşaxəli səmərəli fəaliyyətin nəticəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində Böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi ilə həm ərazi bütövlüyümüz, həm də milli qürurumuz bərpa edildi. Biz bu möhtəşəm Zəfərə görə artıq ikinci ildir ki, Silahlı Qüvvələr Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik.”
Vüqar Rəhimzadə onu da əlavə edib ki, şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində tarixi Zəfərini əks etdirən – düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur: “Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində dəmir yumruq kimi dayanaraq düşmənin canına qorxu salmaqdadır. Şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalı olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər. Şəhidlər Azərbaycan xalqının baş tacıdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm.”
Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Silahlı Qüvvələrin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu bildirib: “Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. Bu, Azərbaycanın, rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu.”
A.Mirzəyev ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin yüksək əhval-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, əksinə ən çətin ərazi relyefinə malik rayonlarımızın düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib. Bu savaşın həm də Vətənə qeyrət, namus borcu olduğunu vurğulayan Vətən Müharibəsi Qəhrəmanı deyib: “Vətən müharibəsində xalqımız, Silahlı Qüvvələrimiz düşmənin növbəti təxribatının qarşısını almaq üçün həmrəylik göstərərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Biz haqq savaşçısı idik. Biz öz sərhədlərimiz çərçivəsində, ata-baba torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdük. Biz bilirdik ki, hərbi qulluqçular olaraq gec-tez bu tapşırığın öhdəsindən gəlməliyik. Elə bu amallarla da Zəfər qazandıq.”
Daha sonra tədbirdə çıxış edən Vətən müharibəsi qaziləri Tariyel Şıxbalayev və Heydər Heydərli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü ilə bağlı belə görüşün təşkilinə görə Xətai Rayon İcra Hakimiyyətinə və YAP Xətai rayon təşkilatına minnətdarlıqlarını bildiriblər. Bu cür görüşləri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların tariximizdə baş verən taleyüklü məsələlər barədə ətraflı məlumatlandırılması baxımından vacib hesab etdiklərini diqqətə çatdırıblar. Qazilər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha yada salıblar: “Döyüşlər başlanan gündən inanırdıq ki, biz sona qədər gedəcəyik. Allah nəsib etdi ki, biz bir millət kimi o Zəfər sevincini yaşadıq və ərazi itkisi ləkəsini öz üzərimizdən sildik. İtirilmiş 20 faiz torpaq öz tarixi sahibinə qayıtdı. Qələbəni təmin etdik. Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdi.”
Qazilər Xarıbülbül qoxulu, Qələbə ab-havalı Silahlı Qüvvələr
Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik
ediblər.
Tədbir bayram ovqatı ilə başa çatdı. Sonda qazilərlə xatirə şəkli
çəkdirilib.