Bakı. Trend:
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu
Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi
çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti,
Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycanın BMT
çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə
əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə
duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində
bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürdüyü, BMT-nin işinə
böyük töhfələr verdiyi, BMT-nin mötəbər qurumlarında üzvlüyü,
Qoşulmama Hərəkatında sədr qismində fəalliyyətini diqqətə çatdırıb.
BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata
keçirdikləri səfərlər və müzakirələr xatırlanıb. BMT Baş
Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq
münasibətlərinin mövcud olduğunu, gündəlikdə duran məsələlər üzrə
müzakirələrdə Azərbaycanın fəal surətdə iştirak etdiyini
vurğulayıb.
Nazir Ceyhun Bayramov BA Prezidentinə bölgədə mövcud olan cari
vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan
bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla
münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan
tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın
təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq,
bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib
istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin
imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların
açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam
etdirəcəyini bildirib.
BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın
BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT
üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. Ksaba
Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla
icrasını təqdir edib. O, Azərbaycan Prezidentinin COVID-19
pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri
yüksək qiymətləndirdiyini bildirib.
BMT Baş Assambleyası Prezidenti post-münaqişə dövründə Azərbaycanın
bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin
təqdirəlayiq olduğunu söyləyib. Bununla yanaşı, bölgədə yaranmış
vəziyyətin narahatlıq doğurduğu, çətinliklərin siyasi müstəvidə
həllinin vacib olduğunu diqqətə çatdırıb. O, BMT-nin
minasızlaşdırma fəaliyyəti sahəsində geniş imkanlarının olduğunu
nəzərə alaraq, ərazilərimizin minalardan təmizlənməsi sahəsində
birgə fəaliyyətin zəruriliyini qeyd edib.
Tərəflər, Baş Assambleya sədrliyinin prioritet məsələləri, o
cümlədən gənclərlə iş, iqtisadi dayanıqlılıq və maliyyə
restrukturizasiyası və digər mövzular ətrafında fikir mübadiləsi
aparıblar. Həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran
digər məsələləri müzakirə ediblər.