Bakı. Trend:
Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində bir daha bəyan etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Rəsmi Bakı öz daxili məsələlərini kənar tərəflərlə müzakirə etmir və etməyəcək. Fransanın timsalında regionda sülhü pozmaq cəhdləri yolverilməzdir. Makron Ermənistanın vəkili qismində çıxış etsə də onun bu regionda vasitəçi qismində iştirakı mümkün deyil. Dövlət başçımızın da xatırlatdığı kimi, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Fransa da o dövrün vasitəçisi kimi normallaşma istiqamətində ən qərəzli mövqe tutan tərəf kimi yadda qalıb. Elə bu səbəbdən Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
İki il ərzində yalnız sülhü pozmaq istiqamətində bəyanatlar verən, Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Fransa indi Brüssel formatını mənimsəməklə özünə nüfuz qazanmaq istəyir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalarda Azərbaycanı ittiham edən Fransa prezidenti unudur ki, bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı davam edən mina və snayper terroru idi.
Azərbaycan heç zaman Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.
Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması
çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının
Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin
iştirakı ilə dördtərəfli görüşdə də sərhəd yaxınlığında Ermənistan
ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə
qərar qəbul olundu.
Məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı
məsələlərin müəyyənləşdirilməsində kömək göstərmək olan missiya
Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Azərbaycan bu
missiya ilə əməkdaşlıq edəcək, amma bu, ATƏT-in Minsk qrupunun
vasitəçilik missiyası demək deyil. Yəni, Prezident İlham Əliyev
Astanada bəyan etdi ki, Praqa görüşündə Fransa prezidentinin
iştirakı Azərbaycanın icazəsi ilə baş tutdu, burada rəsmi Bakı
sadəcə, xoşməram sərgilədi. Amma dövlət başçımızın da bəyan etdiyi
kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç
bir aidiyyəti yoxdur.
Üstəlik, Azərbaycanın sərgilədiyi xoş məramdan sonra Fransa hökumətinin radikal və qərəzli münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində rəsmi Parisin hər hansı rol oynamasından söhbət gedə bilməz. Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatları Bakının bu qətiyyətli mövqeyində haqlı olduğunu bir daha təsdiləyir.
Könül Nurullayeva
Millət vəkili