...

Yeni qanun layihəsi siyasi partiyaların səmərəli əməkdaşlığına imkan yaradacaq

Siyasət Materials 25 Noyabr 2022 19:59 (UTC +04:00)
Yeni qanun layihəsi siyasi partiyaların səmərəli əməkdaşlığına imkan yaradacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəsindən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli Məclis tərəfindən yeni qanun layihəsinin geniş müzakirəsi keçirilib. Öncə parlamentdə siyasi partiyaların iştirakı ilə, daha sonra vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə müzakirələr olub. Müzakirələr zamanı təqdim olunan təkliflər nəzərə alınaraq layihə üzərində yenidən işlənərək 66 dəyişiklik edilib. Bu da özlüyündə layihənin hazırlanmasında həm siyasi partiyaların, həm də vətəndaş cəmiyyəti strukturlarının iştirakının təmin edilməsinin bariz göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Sevinc Hüseynova deyib.

O qeyd edib ki, əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, partiyaların yaradılması üçün üzv tələbi 10 min nəfərdən 5 min nəfərə endilir.

“Təbii ki, bu, demokratik normadır və partiyalarla bağlı dövlət orqanları tərəfindən atılan addımların yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət edəcək. Digər bir önmli dəyişiklik ondan ibarətdir ki, seçkilərdə iki və ya üç dəfə iştirak etməyən partiyaların ləğv edilməsi ilə bağlı müddəa bu layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət tərəfindən hər hansı bir kvota qoyulmadan, yəni üç faizlik bariyer müəyyən edilmədən, seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçicilərin ayrılıqda deyil, nizami və strukturlaşdırılmış partiyalara cəlb etmək üçün bu model qanunvericiliyə daxil edilib.

Bu, çox mühüm bir addımdır. Həmçinin, layihədə hər hansı etnik-siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Təbii ki, bu sənəd ölkədə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində böyük əhəmiyyət daşıyır və çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına xidmət edəcək. Layihənin yenilənmiş variantında bəzi məhdudiyyətlərin aradan qaldırılması, təbii ki, təqdirəlayiq haldır və sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək”, - deyə S.Hüseynova vurğulayıb.

O qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması zamanın tələbindən irəli gəlirdi. ““Siyasi partiyalar haqqında” mövcud qanun, 30 il bundan əvvəl, 1992-ci ilin iyul ayında qəbul edilib və təbii ki, ötən bu 30 il ərzində istər Azərbaycanda, istər beynəlxalq aləmdə, o cümlədən siyasi sistemdə mühüm dəyişikliklər baş verib. Bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə də böyük təcrübə əldə olunub.

Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyda baş verən yeni tenensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını, yeni qanunun hazırlanmasını zəruri etmişdir”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etmişlər və parlamentimizin üç komitəsi tərəfindən 20-dən artıq ölkənin təcrübəsi araşdırılaraq bu qanun layihəsi hazırlanmış, Milli Məclisin saytına yerləşdirilmişdir. Milli Məclis rəhbərliyi tərəfindən siyasi partiyalara təklif və rəylərinin bildirilməsi ilə bağlı müraciət olunmuşdur. Siyasi partiyaların rəhbərləri tərəfindən 250-dən qədər təklif və rəy bildirilmişdir. Bu proseslərin hamısı və dinləmənin keçirilməsi və keçirilmə zamanı yaradılmış şərait bir daha göstərir ki, Milli Məclis tərəfindən yeni bir müsbət tendensiya yaradılmışdır”, - deyə S.Hüseynova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti