...

Yaxın qonşunun uzaq dost siyasəti - İranın Azərbaycana qarşı mövqeyi

Siyasət Materials 30 Noyabr 2022 14:12 (UTC +04:00)
Yaxın qonşunun uzaq dost siyasəti - İranın Azərbaycana qarşı mövqeyi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsinin başa çatmasından iki il keçib. Silahlı münaqişələr başa çatıb, lakin regionda gərginliklər davam edir. Çünki Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad etməklə yanaşı, Cənubi Qafqazda yeni reallıq yaratdı. Regiondakı yeni geosiyasi vəziyyətdən ən çox narahat olan dövlətlərdən biri də İrandır.

Azərbaycan mövzusunda ilk düyməni səhv bağlayan İran, cənub sərhədlərimiz yaxınlığında iki hərbi təlim keçirdi, həmçinin “Regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” kimi fikirlər səsləndirdi. Azərbaycanın ərazi bütövlüyünü təhdid etməklə, İran əsl simasını və nifrətini gizlədə bilmədi.

Aylardır davam edən etiraz aksiyalarını yatırtmağa çalışan İran digər tərəfdən də sərhədlərdən kənarda güc nümayiş etdirərək “yaxın qonşu, uzaq dost” siyasətini göstərdi.

Ermənistana tez-tez edilən səfərlər, Qafan şəhərində Baş konsulluq açılması, Azərbaycana qarşı qıcıqlandırıcı bəyanatlar səsləndirilməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi.

İkili münasibətləri korlamaqla nə isə əldə edə bilməyəciyini anlayan Tehran hakimiyyəti çox keçmədi ki, geri addım atdı və İran ali dini rəhbərinin xarici siyasət üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəsilə Azərbaycana mehriban qonşuluq, dostluq və səmimi münasibətlərin bərpasına dair çağırış siqnalları göndərdi.

Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla yanaşı duran İranın bu cür xoşməramlı cümlələrlə bəzədilmiş açıqlamalarına inanmaq açığı desək sadəlövlük olar.

Çünki iki ölkə arasında münasibətlərin ifrat gərginlik həddinə çatdırılmasının səbəbkarı məhz İran oldu.

Yeri gəlmişkən digər maraqlı bir məqam isə bundan ibarətdir ki, İran daxilində bu qədər böyük nüfuza sahib şəxs- Əli Əkbər Vilayəti nə üçün bu vaxta qədər susub?

Azərbaycana qarşı səmimi ifadələr işlədən Vilayəti “gözünün işığı” adlandırdığı Azərbaycana qarşı hədələr səsləndiriləndə, eyni dildən, dindən, irqdən, tarixdən olmadığı Ermənistana tərəfkeşlik ediləndə niyə susurdu?

Bu sualın cavabını ötən günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın söylədiyi fikirlərdə tapmaq mümkündür.

“Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik. Biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”

Hüseyn Əmir-Abdullahianın söylədiyi bu cümlələr İranın əsl niyyətini, simasını və Vilayətinin dostluq, qardaşlıq eyhamları ilə bəzədilmiş fikirlərinin nə qədər saxta olduğunu bir daha ortaya qoydu.

Hətta artıq bir qədər də irəliyə gedərək Tehranda “Qüdsə gedən yol, Bakıdan keçir” şüarları səsləndirilir.

Bu şüarın sətiraltı mənası nədir? Yol nə üçün Bakıdan keçir? Niyə bu yol məhz İrana məxsus olur?

İran Cənubi Qafqazı müharibə meydanına çevirməyə cəhd etməsilə, Azərbaycanla münasibətləri korlamaqla ən çox zərər çəkəcək olanın özü olacağını həqiqətən anlamır?

Cavablaması hələ ki, çətin suallardır.

Hər nə qədər əsl niyyətini arabir gizlətməyə çalışsa da, sözlərində mehriban dostluq sərgiləsə də, anlamaq lazımdır ki, İranın əsl mövqeyi məhz Abdullahianın söylədiyi fikirlərdən, səsləndirilən bu şüarlardan ibarətdir.

Nə daha artığı, nə də daha əksiyi.

Baş verən son hadisələrdən sonra İrana qarşı dostluq münasibəti sərgiləmək bir qədər çətin məsələdir.

Bakı ilə mövcud gərginliyə son qoymaq və Azərbaycanla sağlam uzunmüddətli münasibətlər qurmaq üçün Tehran geriyə qayıdıb yanlış bağladığı ilk düyməni düzəltməlidir.

O, regional güc mübarizəsində Ermənistan əvəzinə, Azərbaycanla yanaşı mövqe tutmalıdır.

Yaxşı olar ki, İran süni səbəblərlə yaratdığı böhranlı vəziyyətə tamamilə son qoyaraq Azərbaycanla olan normal münasibətlərə geri dönsün .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti