...

Davos Forumunun Azərbaycana həmişəkindən daha çox ehtiyacı var - TƏHLİL

Siyasət Materials 9 Yanvar 2023 15:46 (UTC +04:00)
Davos Forumunun Azərbaycana həmişəkindən daha çox ehtiyacı var - TƏHLİL
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü illik toplantısı keçiriləcək: bu dəfə mövzu “Parçalanmış dünyada əməkdaşlıq” olacaq. Davos Forumunun mövzularının təhlili göstərir ki, dünyanın Azərbaycanın unikal təcrübəsinə hər zamankindən daha çox ehtiyacı var.

Davosda ənənəvi olaraq qlobal iqtisadiyyata və siyasətə birbaşa təsir göstərən mühüm strateji məsələlər və hadisələr müzakirə olunur. Qarşıdan gələn görüş də bu baxımdan istisna deyil. Bu gün dünya kritik bir dönüş nöqtəsindədir. COVID-19 pandemiyası və Ukraynadakı müharibə onsuz da çox zəif olan qlobal sistemi sarsıtdı. Dünyanın ən böyük ölkələrində iqtisadi artım dayanır, ərzaq və enerji daşıyıcıların qiymətləri bahalaşır. 1970-ci illərdən bəri ilk dəfə olaraq dünya balanssızlıqla üzləşir, artım və inflyasiya əks istiqamətdə gedir. Bu, artan geoiqtisadi parçalanma, şişirdilmiş aktiv qiymətləri və yüksək borc səviyyələri də daxil olmaqla maliyyə sektorunun zəifliyi və xüsusilə inkişaf etməkdə olan bazarlarda yavaşlamanı gücləndirə biləcək nəzarətdən çıxan iqlim böhranı ilə birlikdə gəlir. Sistemli və bir-biri ilə əlaqəli risklər nəzərə alınmazsa, bu, qeyri-müəyyənliyə və qeyri-sabitliyə səbəb ola bilər.

Bu misli görünməmiş fonda Dünya İqtisadi Forumu cari böhranları həll etmək üçün dialoq və dövlət-özəl əməkdaşlığın zəruriliyini bir daha vurğulamaq üçün illik iclasını çağırır. Beləliklə, kollektiv məsuliyyət hissini bərpa etmək yollarının axtarışı görüşün əsasını təşkil edəcək.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunda müxtəlif mövzularda çıxış edərək, mövcud problemlərin birgə aradan qaldırılması üçün dünya ölkələrinin qüvvələrinin birləşdirilməsinin vacibliyini həmişə qeyd edib. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün böyük imkanlar açır. Azərbaycan ABŞ-dan başqa Davosdan kənarda bu mötəbər foruma ev sahibliyi edən iki ölkədən biri olub. 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi üzrə Strateji Dialoq” mövzusunda Bakıda Dünya İqtisadi Forumunun keçirilməsi isə Azərbaycana yüksək tarixi qiymət və yüksək etimad kimi qiymətləndirilməlidir, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aydın, məqsədyönlü siyasətin nəticəsidir.

Qarşıdan gələn forumda müzakirə olunacaq problemlərə gəlincə, əminliklə demək olar ki, Azərbaycan digər ölkələrlə əməkdaşlıq edərək həmin problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Belə ki, tədbir iştirakçılarının diqqət mərkəzində olacaq mövzulardan biri də enerji böhranıdır. Azərbaycan Avropada enerji böhranının təsirlərinin yumşaldılmasında getdikcə artan rol oynayır. Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Avropaya ən azı 11,6 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Ötən ilin iyulunda imzalanan əməkdaşlıq memorandumu əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü 2027-ci ilə qədər iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə razılıq var. Bu sənədə uyğun olaraq, bu yaxınlarda Aİ-nin 5 ölkəsi Azərbaycanın “mavi” yanacağının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də Bakıda təqdim etməyə hazırlaşır. Bu, minimal vəsaitlə və dərhal Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub. Azərbaycandan əlavə qaz tədarükü Avropa bazarında rəqabəti təmin edir və bununla da istehlakçılar üçün qiymətləri aşağı salmağa imkan verir. Buna ən yaxşı nümunə Yunanıstan-Bolqarıstan interkonnektorudur ki, onun işə salınması ilə 2022-ci ilin oktyabr ayından ölkədə qiymətlər 34 faiz ucuzlaşıb.

Təbii qaz “yaşıl” enerjiyə keçid üçün ən optimal variantdır ki, bu da forumun ən aktual mövzularından biridir. Yeri gəlmişkən, sözügedən memorandum bu istiqamətdə də əməkdaşlığı nəzərdə tutur. Tərəflər onu imzalayanlardan 2030-cu ilə qədər metan tullantılarının kollektiv şəkildə ən azı 30 faiz azaltmağı tələb edən Qlobal Metan Öhdəliyinin əhəmiyyətini tanıyır və tədarük zəncirlərində metan emissiyalarını azaltmaq üçün lazımi addımları atmağa hazırdırlar.

Azərbaycan təbii qaz hasil etdiyinə və Avropa İttifaqı onu idxal etdiyinə görə tərəflər bu təchizat zəncirini mümkün qədər səmərəli, ətraf mühitə və iqlimə uyğunlaşdırmağın kollektiv məsuliyyət olduğunu etiraf edirlər. Tərəflər qlobal istiləşmə ilə mübarizədə və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında yaşıl elektrik enerjisinin əhəmiyyətini, həmçinin enerji sistemlərinin təhlükəsizliyini və dayanıqlığını artırmaq potensialını qəbul edirlər. Tərəflər hesab edirlər ki, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, o cümlədən elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq üçün mühüm potensial mövcuddur.

Bu baxımdan, Azərbaycan neft və qaz ehtiyatları ilə yanaşı, Avropanın təmiz enerji bazarında da mövqelərini möhkəmləndirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş” bu əməkdaşlığın təməl daşı oldu. Bu sazişə qoşulmaq istəyən daha çox Aİ ölkəsi ilə Azərbaycanın elektrik enerjisi tədarükü Avropanın enerji müstəqilliyinə töhfə verəcək və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə kömək edəcək.

Nəzərə alsaq ki, daha çox Aİ ölkəsi bu sazişə qoşulmaq istəyir, Azərbaycandan elektrik enerjisi tədarükü Avropanın enerji müstəqilliyinə töhfə verəcək və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə kömək edəcək.

Bu gün dünya eyni vaxtda bir neçə böhranla üz-üzədir və onlardan biri də Davos Forumunun biganə qala bilmədiyi ərzaq böhranıdır. Təxminən 830 milyon insan qida təminatından məhrumdur və 3 milyarddan çox insan sağlam qida ala bilmir. Bu çətinliklər artan xərclər, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da ağırlaşır. Bunun fonunda çatdırılma üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır ki, bu da Azərbaycandır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir.

Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Orta dəhliz - Çindən Avropaya marşrut hazırkı gündəmdə böyük rol oynayır. Avropanın Mərkəzi Asiyaya çata biləcəyi marşrutlar çox məhduddur. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən ucuz marşrutu təklif edir.

Avropa və Çin arasında strateji mərkəzi mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturu ilə Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması kontekstində yeni aparıcı logistika mərkəzinə çevrilir və cümlədən ərzaq məhsullarının tədarükü ilə bağlı çətinliklərin də aradan qaldırılmasına böyük töhfə verə bilər.

Davos Forumunun gündəliyinə daxil edilən digər mövzu çoxqütblü dünyada yeni dialoq və əməkdaşlıq sistemi vasitəsilə cari geosiyasi risklərin aradan qaldırılması ilə bağlıdır. Azərbaycan dəfələrlə bütün dünyanın diqqətini cəlb edən son dərəcə mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün platforma təqdim edib. Belə əlamətdar görüşlər üçün Bakının seçilməsi təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu ölkənin siyasi gücünü gücləndirməklə yanaşı, regionda gedən proseslərə də müsbət təsir göstərir. Regionun iqtisadi, mədəni, o cümlədən elmi və intellektual mərkəzinə çevrilən Azərbaycan müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni və siyasi elitasını Bakıda toplayır.

Bu gün dünya həqiqətən də İkinci Dünya Müharibəsindən bəri ən ciddi dəyişikliklərin astanasındadır. Bəşəriyyət dünyada milyardlarla insan üçün taleyüklü olan ən mühüm çağırış və problemlərlə üzləşir. Ona görə də bu gün Davos Forumu həmişəkindən daha çox ölkəmizin təcrübəsi ilə maraqlanacaq, çünki Azərbaycan nəinki oxşar problem və çağırışlarla üzləşib, həm də onların öhdəsindən uğurla gəlib. Davosda olmasa, dünya bu təcrübəni haradan öyrənə və ondan lazımi dərs ala bilər?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti