...

Prezident İlham Əliyev Praqa görüşü barədə: Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir

Siyasət Materials 10 Yanvar 2023 19:06 (UTC +04:00)
Prezident İlham Əliyev Praqa görüşü barədə: Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir

Bakı. Trend:

Bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Praqa görüşü barədə sualı cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Detallara gəldikdə, deyə bilərəm ki, bu, qeyri-adi bir görüş idi. Çünki həddindən çox çəkdi və iki raunddan ibarət idi. Birinci görüş təxminən bir saat çəkdi və biz gördük ki, razılığa gələ bilmirik. Ona görə danışdıq ki, axşam yeməyindən, ziyafətdən sonra bir daha yığışacağıq. Bir daha yığışdıq və o görüş təxminən dörd saatdan çox çəkdi. Görüş bitəndə Bakı vaxtilə səhər saat 5 idi. Bu, bir detal, maraqlı ola bilər.

İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda Ermənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda olmaq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur.

Görüşün mahiyyəti isə qeyd etdiyiniz kimi, bizim üçün çox əlverişli oldu. Çünki ilk dəfə Ermənistan tərəfi Azərbaycanın suverenliyini tanıdı və bu, artıq faktiki olaraq bütün Qarabağın gələcəyi ilə bağlı danışıqların sonu olmalı idi. Biz bunu belə qəbul edirik. Əlbəttə ki, ondan sonra Soçi görüşündə bu tezislər bir daha təsdiqləndi. Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı, o da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?

Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni, bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, - yəni, əslində, o qədər də ciddi məsələ deyil, - aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksəkvəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan.

Bir məqamı da qeyd etmək istəyirəm. Ermənistanın ən yaxın müttəfiqi, eyni zamanda, ATƏT-in missiyasını da göndərmək fikrində idi, biz isə buna etiraz etdik. Çünki ATƏT-də belə məsələlər konsensus əsasında qəbul edilir, həll olunur. Biz əlbəttə, dedik ki, biz konsensus verməyəcəyik. Onda orada qaydalarda bir boşluq taparaq ATƏT-in bir heyətini də konsensussuz oraya göndərmişdilər. Yenə də manipulyasiya, yenə də saxtakarlıq. Bu saxtakarlıq üzə çıxandan və biz etirazımızı bildirəndən sonra Ermənistanın ən sevimli müttəfiqi bunu ATƏT-in fəaliyyətdə olan həmsədrinin - Polşanın üstünə yıxmağa çalışırdı ki, bizim xəbərimiz yoxdur, bunu Polşa edib. Yəni, bu detalları bir az açmaqla, sadəcə olaraq, mən riyakarlığın dərəcəsini sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, biz öz haqqımızı tələb etmək üçün görün, kimlərlə və nələrlə üzləşməli oluruq. Ona görə bu növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti