...

Heydər Əliyev ideyaları Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Siyasət Materials 18 Yanvar 2023 19:00 (UTC +04:00)
Heydər Əliyev ideyaları Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Bakı. Trend:

“Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.” Dövlət başçısı İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində cari ilin “Heydər Əliyev İli” elan edilməsindən bəhs edərkən söylədiyi bu fikirlər dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın mənzərəsini yaradır. Bu gün qalib Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs edərkən inamla bildiririk ki, ölkəmizin hər bir nailiyyəti Heydər Əliyev siyasətinin təntənəsidir. “Heydər Əliyev İli” Ümummilli Liderin fəaliyyətinin ayrı-ayrı məqamlarının təhlilinə, araşdırlılmasına, yeni kitabların, elmi əsərlərin yazılmasına geniş imkanlar yaradacaq. Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi sərvətidir.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəmizdə yaşanan siyasi vəziyyət yaddaşlardadır. Azərbaycan vətəndaş müharibəsini yaşayır, xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Bununla yanaşı, ordumuzun torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğalına, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb oldu. Belə çətin bir dövrdə dahi şəxsiyyət Heydər Əliyev xalqının çağırışına “hə” deyərək canından artıq sevdiyi Vətənini, dövlətini, millətini qorumaq, ölkəmizi işıqlı sabaha doğru aparmaq üçün hakimiyyətə qayıtdı və bugünkü reallıqların əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı harada yaşamasından asılı olmayaraq hər hər bir azərbaycanlını vətənpərvərliyə, azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırış oldu. Ulu Öndər bütün çətinliklərə baxmayaraq xalqı, Azərbaycanı düşdüyü böhrandan xilas etdi, yeni müstəqil Azərbaycan qurdu. O Azərbaycanı ki bu gün möhkəm təməl üəzrində inamla addımlayaraq ən yüksək zirvələri fəth edir, qalibiyyəti ilə dünyaya səs salır. Dahi şəxsiyyətin hədəfləri sırasında bu mühüm məqam da xüsusi yer tuturdu ki, biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək.

Ulu Öndərin vaxtilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir!” çağırışı 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Dünya birliyimizin, həmrəyliyimizin bir daha şahidi oldu. Ötən il türk dünyasının mədəniyyət paytaxtı Şuşa Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına ev sahibliyi etdi. Soydaşlarımız tarixi Zəfərimizdən sonrakı dövrdə qarşıda dayanan vəzifələri bu məkanda müzakirə edərək qalib Azərbaycanın vətəndaşı olduqlarından keçirdikləri qürur hissini dünyaya nümayiş etdirdilər.

Təbii ki, dahi şəxsiyyətin xidmətləri yalnız bir il çərçivəsində xatırlanmır. Ümummilli Lider bildirirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» Dahi şəxsiyyətin bütün istiqamətləri özündə ehtiva edən tezislərinə diqqət yetirdikdə hər dövrün çağırışlarına önəm verdiyi xüsusi diqqət çəkir. Belə ki, Ulu Öndər “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” çağırışı bu reallığa işıq salır ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əsl həqiqətdə ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən başlamışdır. Dahi şəxsiyyət o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, daha da yüksəlməsinə çalışmışdır. Məhz bu məqama söykənərək bu fikri böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi dəyərləndirilməlidir. Dahi şəxsiyyətin o illərdə atdığı hər bir addımın təməlində Azərbaycanı gələcəkdə müstəqil görmək istəyi özünü qabarıq şəkildə büruzə verirdi. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması kimi önəmli addımlar bunun bariz nümunələridir. Vətən, torpaq, xalq sevgisindən ilham alaraq hakimiyyətinin hər iki dövrünü dövlətinə, xalqına sonsuz xidmətləri ilə zənginləşdirən ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanımıza bundan sonra da möhtəşəm uğurlar qazandıracaq, respublikamızın dünyanın xoşbəxt ölkələri sırasında addımlamağı ilə qürur duyacağıq. Azərbaycanın bu gün dünyada ən islahatçı ölkə, xalqımızın xoşbəxt xalqlar sırasında yer alması ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Xalq o zaman xoşbəxt olur ki, onun ölkəsini daim irəli aparmaq üçün böyük fədakarlıqlar göstərən, qazandığı uğurlarla kifayətlənməyərək daim irəliyə doğru addımlaması üçün yeni-yeni hədəflər barədə düşünən Lideri vardır. Liderliyin mahiyyəti dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyənləşdirmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir.

“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” söyləyən Ulu Öndər bu istəyinə düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində nail oldu. Azərbaycanın müstəqilliyini daimi edən ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl yeni-yeni uğurlara yol açdı. Azərbaycanın imzasının imzalar arasında görünməsində, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın beynəlxalq təşkilatların mənzil-qərargahlarının qarşısında dalğalanmasında, Azərbaycanın haqlı mövqeyinin ən yüksək tribunalardan bəyan edilərək, müstəqilliyimizin əvvəllərində ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Azərbaycan inkişaf modeli ilə dünyaya nümunə oldu. Bu gün dünyada elə elə bir sahə yoxdur ki, o istiqamətdə Azərbaycanın təcrübəsi nümunə göstərilməsin. Ulu öndər Heydər Əliyev Azərbaycanı gələcəkdə necə görmək istədiyini istər hakimiyyətinin birinci dövründə atdığı addımları, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün çıxışlarında, çağırışlarında ifadə etdi. Azərbaycan müasir müstəqil dövlət olmaqla yanaşı, torpaqlarına, tarixinə sahib çıxan dövlət kimi nüfuz qazanmalı idi. Belə də oldu.

Hər bir uğurun təməlində iqtisadi müstəqillik dayanır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtarıb tapan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. 1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, ölkəmizin etibarlı tərəfdaş kimi çəkisi daha da artdı. Bu sazişin imzalanmasından 23 il sonra, 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, ulu öndər Heydər Əliyev ilk gündən dünya təcrübəsinə istinadən bu məqamı xüsusi qeyd etdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. «Əsrin müqaviləsi» bu səyləri birləşdirdi, Azərbaycanın malik olduğu imkanları dünyaya təqdim etdi, ən əsası ölkəmizin bugününə və gələcəyinə inamı daha da artırdı. Azərbaycan etibarlı tərəfdaş, ən əsası regional əməkdaşlığın aparıcı qüvvəsi kimi bu çərçivədən çıxaraq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı tərəf olaraq özünü dünyaya təqdim etdi. Belə ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2020-ci il dekabr ayının sonunda bu layihə tam şəkildə istifadəyə verildi. Azərbaycan bu gün neftlə yanaşı, qaz ixracatçısı kimi də özünü təqdim edir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu günbəgün artırır.

İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan digər sahələrin inkişafı istiqamətində də əhəmiyyətli addımların atılmasına nail oldu. Ümummilli lider Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü ilin mayın 12-də Ermənistanla müharibədə atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin edilməsində əhəmiyyətli rol oynadı. Bu tezis həyata keçirilən siyasətin əsas prinsiplərindən birinə çevrildi ki, hər bir dövlət o zaman güclü olur ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu var. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır. Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən ulu öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu.

Bu gün Azərbaycana hansı tərəfdən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. “Heydər Əliyev İli” bu məqamların təqdimatında öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Həmin Tədbirlər Planında 18 istiqamət üzrə görüləcək işlər öz əksini tapıb. Bu istiqamətlər ümumilikdə Heydər Əliyev irsinin təbliğində, gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir.

Dahi şəxsiyyətin fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda, məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir bundan ibarətdir ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan uğurları Heydər Əliyev irsinin daim öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına çağırışıdır.

Müasir müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, islahatların təkmilləşməsi fonunda yenilikçi ölkə kimi nüfuz qazanır. Ulu Öndərin 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində Azərbaycanın gələcəyi naminə növbəti ünvanı göstərməsi də Onun dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biridir. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə edərək onu da bildirdi ki, mənim axıra çatdıra bilmədiyim işləri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının, xalqın dəstəyi ilə axıra çatdıracaq.

Son 19 ilin uğurlarının xronologiyası ulu öndər Heydər Əliyevin bu inamında, xalqın isə seçimində yanılmadığını təsdiqləyir. Məhz bu inama söykənərək atılan addımların fonunda cənab İlham Əliyev bu illər ərzində dəfələrlə ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsini təsdiqlədi. Hər bir vədin arxasında real işlər dayandı. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirmişdi. 2018-ci ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində isə bu fikirləri açıqladı: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.” Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində atdığı addımlardan, əldə olunan uğurlu nəticələrdən geniş bəhs edərək bu əminliyi də ifadə etmişdir ki, hər bir hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir: “Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.”

Cənab İlham Əliyevin Prezidentlik dövrünün 19 ilinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Azərbaycan iqtisadi mövqeyini daha da möhkəmləndirdi. Ölkəmiz beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrildi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu gün dünyanın 10 xoşbəxt, islahatçı ölkəsi sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu təsdiqləyir. Uğurlarımızı şərtləndirən amillər sırasında idarəetmə sistemində təkmilləşməni, islahatların davamlılığını xüsusi qeyd etməliyik. 2016-cı ildə ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər arasında idarəetmə sistemində təkmilləşməyə xidmət edən mühüm məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılması, həmçinin prezidentlik müddətinin 7 ilə qədər uzadılıması oldu. 2017-ci ilin fevralında dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addım kimi dəyərləndirildi. Ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında onun ayrı-ayrı sahələrdə xidmətlərini önə çəkərək bu fikirləri söyləmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.” Mehriban xanım Əliyeva bu etimadı belə dəyərləndirmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.”

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun Azərbaycanın hərtərəfli inkişafına xidmət edən layihələri daim xalqımız tərəfindən yüksək dəyərləndirilir. Fond ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, irəliyə doğru inamla irəliləməsi üçün üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Tarixi Zəfərimizdə mühüm rol oynayan diplomatik mübarizəmizdə Heydər Əliyev Fondunun həqiqətlərimizin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar öz sözünü dedi. Mehriban xanım Əliyeva çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, ulu öndər Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Çünki bu xidmətlərin miqyasını Ümummilli Lider 2003-cü ildə xalqına növbəti inamın ünvanını göstərməklə daha da zənginləşdirdi, yeni-yeni hədəfələrə yol açdı. Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, onun reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında dayanan mühüm vəzifələri həyata keçiririk. İki ildir azad Şuşamız iqtisadi, siyasi, diplomatik, mədəni mərkəz kimi dünyanın diqqətindədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” son iki ildə dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı bu məkanlardan bəyan etdiyi çağırışların əsas mahiyyətini təşkil edir. 2021-ci ildə “Xarıbülbül” musiqi festivalının bağlanış mərasimində təqdim edilən videoçarx da bütün məqamlara işıq saldı. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri səsləndirildi. 2022-ci il “Şuşa İli”nin davamı olaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi artıq bu reallığa bir daha işıq salır ki, bugünkü Azərbaycan dahi şəxsiyyətin görmək istədiyi qalib Azərbaycandır. Şuşamız azaddır, əvvəlki şöhrətinə qayıdır. Heydər Əliyev ideyaları bundan sonra Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti