Bakı. Trend:
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib, bu sahədə alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.
Həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var.