Bakı. Trend:
Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları
ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında
ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş
Qərargah rəisi Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin
inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını
xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də
əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor
G.Matiaşvili ölkələrimiz arasında münasibətlərin daha da
möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin
genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi,
hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da
genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri
ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə
gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış
olub.
Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti
ilə bağlı brifinq təqdim edilib.