Bakı. Trend:
Rusiya Azərbaycan və Ermənistana sülh sazişinin parametrlərinin hazırlanmasında köməklik göstərir.
Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Rusiya rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində məqsədyönlü səylər göstərir. Onların əsasında 2020-2022-ci illər ərzində üç ölkənin rəhbərlikləri səviyyəsində əldə edilmiş üçtərəfli razılaşmalar kompleksi dayanır. Bu razılaşmalar bir sıra birinci dərəcəli tədbirləri, o cümlədən iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasını, Ermənistan-Azərbaycan sərhədinin demilitasiyasını və iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafını nəzərdə tutur. Biz tərəflərə sülh sazişinin hazırlanmasında daima köməklik göstəririk", - nazir müavini deyib.
O ümumilikdə "bu addımların dünyada və regionda möhkəm, davamlı və ədalətli sülhə şərait yaradacağını və sülh sazişinin məhz bunun təzahürü olacağını" qeyd edib.
"Bizim vasitəçiliyimiz hər iki tərəfin maraqlarını nəzərə alan məqbul həll yollarının axtarışında konstruktiv və məzmunlu dialoqu təmin etməkdən ibarətdir. Bu məqsədlə Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İ.Xovayev mütəmadi olaraq İrəvana və Bakıya (son dəfə müvafiq olaraq 9-10 və 14-15 fevral tarixlərində) səfərlər edir. Biz həmçinin sülh prosesinin hər iki tərəfin yanaşmalarını nəzərə alan təməl prinsipləri və parametrlərinə dair Rusiya mülahizələrini tərəfdaşlarımıza bildirmişik", - o deyib.