Bakı. Trend:
Qərbi Azərbaycana təhlükəsiz qayıdış üçün bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin təşkilatçılığı ilə Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, məsələnin uğurlu təqdimatı və beynəlmiləl status qazanmasındən ötrü hüquqi çərçivənin yaradılması gərəkdir.
“İlk növbədə, Ermənistanın 1988-91-ci illərdə azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətməsinin milli genefondumuza təsirlərinə qiymət verilməlidir. Qayıdış prosesini nizamlı və effektiv həyata keçirmək məqsədilə beynəlxalq tərəfdaşların tapılması, məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq vacibdir.
Azərbaycanlılara qarşı törədilən cinayətlər kimi mülkiyyət hüququnun pozulmasına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mülki iddialar qaldırılmalıdır. Beynəlxalq ekspert və hüquqşünasları cəlb etməklə Qərbi Azərbaycana dönüşün qanunvericilik əsaslarını formalaşdırmağa çalışmalıyıq”, - deyə Z.Oruc bildirib.