...

Azərbaycanın islamofobiya ilə mübarizədə kifayət qədər təcrübəsi var - Mehman İsmayılov

Siyasət Materials 16 Mart 2023 20:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 15-də, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın işə başlaması çox təqdirəlayiq addımdır.

Bunu Trend-ə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov deyib.

O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumunun təşkil etdiyi və iki gün davam edən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən ziyalılar, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edib.

“Dünyəvi dövlət modelinə və zəngin mədəni-dini tarixə sahib olan, həmçinin, müasir tolerant dəyərlərin inkişafı yolunu seçən ölkəmizin dünyada günü-gündən artan islamofobiya ilə mübarizədə kifayət qədər təcrübəsi var. İki gün davam edən konfransda islamofobiyanın səbəbləri, onun yaratdığı problemlər, Qərbdə islamofobiyanın təzahürləri, onunla mübarizədə birgə əməkdaşlıq və s. kimi mövuzlar müzakirə olunub, ekspertlər tərəfindən məsələnin həlli istiqamətində maraqlı təkliflər irəli sürülüb.

Beynəlxalq konfransda müzakirə olunan xüsusilə iki məsələ günümüzdə çox aktualdır, beynəlxalq səviyyədə müzakirəsi və həllinə böyük ehtiyac var. Bunlardan biri uzun illərdir Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın təqribən son otuz il ərzində Azərbaycana məxsus məscidlərə və digər İslam abidələrinə qarşı vandal münasibəti, həmçinin, İslam irsinə vurduğu ziyan, ikincisi isə Fransada hər keçən gün daha da artan islamofobiya təzahürləri və dövlət səviyyəsində buna verilən dəstəkdir”, - deyə o qeyd edib.

M.Hüseynov bildirib ki, Ermənistan Vətən müharibəsində ilk gündən müxtəlif vasitələrdən istifadə edərək müharibəyə “din donu”, “mədəniyyət donu” geyindirməyə çalışırdı.

“Özünü Qafqazda xristian mədəniyyətinin son qalası kimi təqdim edərək müharibədə dönüş yarada biləcəyinə ümid bəsləyirdi. Havadarlarının dəstəyi ilə islamofobiya amilindən də istifadə etməklə dünya ictimaiyyətini Azərbaycan əleyhinə yönəltməyə çalışır, “islam terrorçuları”, “kilsənin vurulması”, “müsəlman Türkiyə” və s. kimi ifadələrin dünya mediasında yayılmasına səy göstərirdi. Lakin Azərbaycan dövlətinin bu günə qədər apardığı din siyasəti, ölkəmizdə tarixən formalaşan tolerant dini ənənə və cəmiyyətimizin dünyəvi prinsiplərə əsaslanması onların bu səylərini tamamilə boşa çıxardı.

İkinci məsələyə gəldikdə, son illər Avropada və dünyada islamofobiyanın ən çox təzahür etdiyi ölkələrin başında Fransa gəlir. Çox təəssüf ki, birbaşa rəsmi şəxslərin dilindən çıxan və media vasitəsilə təbliğ olunan islamofob çağırışlar ölkədə bu məsələnin daha da dərinləşməsinə gətirib çıxardıb. 2022-ci ildə Fransa İnsan Haqları üzrə Milli Məsləhət Komissyasının (CNCDH) dərc etdiyi hesabatda ölkə əhalisinin 38 faizinin İslamı Fransanın kimliyinə “təhdid” olaraq görüdüyü bildirilir. Televiziya proqramlarında müsəlmanların hədəf göstərildiyi, onlara aid marketlərin yağmalandığı, hətta Türkiyədə baş verən son 100 ilin ən böyük təbii fəlakəti olan və on minlərlə insanın öldüyü dəhşətli zəlzələni “tanklara ehtiyac qalmadı” karikaturası ilə ifadə edən bir ölkənin, həm də çox təəssüf ki, keçmişində humanist dəyərlər üçün böyük mücadilələrin verildiyi ölkənin bu məsələdə sərgilədiyi mövqe heç başa düşülən deyil. Mədəni və mənəvi irslə bağlı beynəlxalq təşkilatların yerləşdiyi bir ölkənin ermənilər tərəfindən dağıdılan, tamamilə yox edələn Azərbaycandakı İslam abidələri ilə bağlı bu günədək hər hansı bir reaksiyasının olmaması da təəssüf doğurur.

Beynəlxalq tədbirdə söylənilən fikirlər, irəli sürülən təkliflər bir daha onu göstərdi ki, şərqlə qərb, islamla xristian dünyası arasında körpü rolu oynayan və bu rolunu getdikcə artıran ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsi belə problemlərin müzakirəsi və həlli baxımından vacibdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti