...

Sahibə Qafarova BMT iclasında ermənilərin ekoloji terrorundan danışıb (VİDEO)

Siyasət Materials 31 Mart 2023 09:50 (UTC +04:00)
Sahibə Qafarova BMT iclasında ermənilərin ekoloji terrorundan danışıb (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu" mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasdakı çıxışında tədbirin çox aktual bir mövzuya həsr olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunması çox böyük əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, indiki və gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi bizim ortaq məsuliyyətimizdir. Sahibə Qafarova, bu mənada Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən "Sıfır tullantı" təşəbbüsünün önəmini qeyd edib.

O, 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün hazırda BMT Baş Assambleyasının qətnaməsi şəklində dünya miqyasında dəstək qazanmasını təqdir edərək, Azərbaycan Respublikasının bu qətnaməyə dəstəyini onun həmmüəllifi olmaqla nümayiş etdirdiyini diqqətə çatdırıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə"ni imzalayıb.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, bütün ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlik daşıyırlar. Lakin təəssüf ki, heç də bütün ölkələr bu öhdəliklərə əməl etmir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpaqları və çayları, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirib. Azərbaycan 2020-ci ildə ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji", "sıfır emissiya" və "sıfır tullantı" konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər və kəndlər salınır. Və bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.

Çıxşının sonunda spiker bir daha tədbirin əhəmiyyətini qeyd edib və iclasın işinə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti