Avropa İttifaqının "monitorinq missiyası"nın olduğu bölgədə Ermənistan ordusu mövqelərimizi güllə və mərmi yağışına tutur, İrəvan "narahatlıq" bəyanatları verir, Qərb isə hələ susur...
Bu gün saat 16.00 radələrində Laçın istiqamətində Ermənistan Müdafiə Nazirliyinin bölmələri mövqelərimizə hücuma keçib.
Təxminən 80 nəfər erməni hərbçi bu gün Laçın rayonundakı mövqelərimizə yaxınlaşaraq möhkəmləndirilmiş müdafiə mövqeləri və səngər inşa etməyə hazırlaşıblar.
Əsgərlərimiz onlardan geri çəkilməyi tələb edəndə ermənilər atəşə başlayıblar.
Mövqelərimiz avtomat silahlardan, pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutulub.
Döyüş başlayıb. Düşmən mövqelərimizə artilleriya zərbələri endirib.
Daha sonra isə Ermənistan ordusu ilk dəfə olaraq İranda istehsal edilmiş zərbə PUA-larından istifadə edərək mövqelərimizi hədəfə alıb.
İlkin məlumatlara görə, düşmənin itkiləri çoxdur. Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gezalyan da var.
Atışmalar Dığ ilə yanaşı, Zod kəndi yaxınlığında da yaşanıb.
Hazırda Dığ (Tez) kəndi yaxınılığındakı döyüş zonasında nisbi sakitlikdir. Atışma səngiyib.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Bu, indiyə olan operativ məlumatdır və Ermənistanın bölgədə gərginliyi yüksəltməyə yönəlmiş taktikası ilə böhran situasiyasında Rusiya və Qərbin ikisindən də preferensiyalar əldə etmək strategiyasından xəbər verir.
Baş nazir Nikol Paşinyan və onun komandası Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədi boyunca mövqelərimizin hədəfə alınması barədə erməni ordusuna göstərişi ötən həftənin sonunda verib.
Rəsmi İrəvan bunu "qarşı tərəfin nəzarətdə saxlanması" kimi qələmə versə də, situasiya tam əksini göstərdi.
Hələlik təsdiqlənməməmiş məlumatlara görə, İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) PUA-larının sərhəd zonasına kəşfiyyat uçuşuna göndərilməsi də situasiyanın gərginləşməsində Tehranın rolunun az olmadığını göstərir.
Ermənilərin İran istehsalı olan zərbə PUA-larından istifadəsi faktlarla təsdiqlənəcəyi təqdirdə isə Tehran rejimini Qərbin necə ağır sanksiyalarının və ostrakizminin gözləyəcəyini təxmin eləmək çətin deyil.
Ermənilər vəziyyəti ağırlaşdırmaq, özlərini "hücuma məruz qalmış tərəf" qismində göstərməyə çalışmaqla yekun sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər ləngitmək, danışıqlarda fasilə yaradaraq Qərblə yeni sövdələşməyə başlamaq fikrindədir.
2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra əsas vasitəçi və danışıqların moderatoruna çevrilmək istəyən Rusiya Federasiyası sonradan mövqelərini əhəmiyyətli dərəcədə zəiflətsə də, Ermənistanın onu danışıqlar trekindən mümkün qədər uzaqlaşdırmaq cəhdlərinə bundan sonra da soyuqqanlı yanaşmaq niyyətində olmayacaq.
Ermənilərin bölgədəki gərginliyə Fransanı, İranı və Avropa İttifaqını cəlb etmək üçün bütün qüvvələrini səfərbər etdiklərini nəzərə alsaq, təmas xəttində gərginliyin azaldılmasının yeganə yolu danışıqlar prosesinin sürətləndirilməsidir.
Bunun əksi isə lokal və ya genişmiqyaslı - fərq etməz - hərbi əməliyyatlardır ki, hadisələrin bəhs etdiyimiz ssenari ilə inkişafı Ermənistana geosiyasi cəhənnəm vəd edir.
Nə qədər gec deyil, İrəvan xülyalardan ayılmalı və ətrafındakı reallığı görməlidir.
Avropa İttifaqının Ermənistana yolladığı "müşahidə-monitorinq missiyası"na gəldikdə isə, onun nə qədər mənasız, apatik və qeyri-effektiv olduğu bu gün bir daha aşkarlandı.