...

Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır - Vüqar Rəhimzadə

Siyasət Materials 15 May 2023 17:09 (UTC +04:00)
Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə baxmayaraq belə bir addımı atması humanizmin, eyni zamanda, bölgədə sülhün təmin edilməsi istəyinin göstəricisidir. Təbii ki, bütün bu addımlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə uyğun olaraq atılırdı. Daim bəyan edildiyi kimi, Azərbaycan bütün zamanlarda ədalətin və beynəlxalq hüququn yanındadır. Şanlı Zəfəri ilə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən ölkəmiz Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasında üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirərək bunu qarşı tərəfdən də tələb edir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə olunan razılaşmalar sülh müqaviləsinin imzalanmasına gedən yolu yaxınlaşdırdığı halda Ermənistan tərəfinin ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməsi prosesin davamlılığına mane oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə sayca 5-ci görüş keçirildi. Bundan əvvəl Brüssel ilə yanaşı, Moskvada, Soçidə və Praqada da bu məqsədlə görüşlər keçirilmişdi. Soçi və Praqa görüşlərində Azərbaycan tərəfinin beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi dəstəklənmiş, tərəflər danışıqların davam etdirilməsinin zəruriliyini bildirmişdilər. Bu, razılaşma o deməkdir ki, tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan bütün razılaşmalara, ən əsası 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda üzərinə düşən öhdəlikləri mütəmadi olaraq pozur, hərbi təxribatlar törətməklə açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, prosesin uzanmasına çalışdığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin mayın 14-də Belçikaya işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəldildi. Görüşdə son aylarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, bu günlərdə keçirilən Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün gündəliyi müzakirə olundu.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bir daha bildirdi ki, fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Gündəlikdə olan bütün məsələlər birlikdə nəzərdən keçirildi. O da xüsusi vurğulandı ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Vüqar Rəhimzadə onu da bildirib ki, nəhayət Ermənistan tərəfindən pozulmuş Brüssel görüşlərinin bərpası yüksək dəyərləndirilir. Brüssel görüşündə sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası, humanitar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışları zamanı Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinə diqqəti yönəldərək Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını, onların hüquqlarının yüksək səviyyədə qorunduğunu əsaslı şəkildə diqqətə çatdırır. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış xüsusi yer tutur ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat, tarix, beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dövlətimizin başçısının prinsipial mövqeyi belədir ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşü ilə bağlı səsləndirdiyi bəyanatda yer alan "İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir" kimi fikirlər Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir. Bundan əvvəl Brüssel görüşündə yalnız Emmanuel Makronun qatılacağı təqdirdə iştirak edəcəyini bildirən Ermənistanın baş naziri Nikol Paşinyan bu istəyinin yalnız himayədarı Fransa üçün önəmli olduğunun şahidinə çevrildi. Bu baxımdan Fransa Prezidentinin Praqa görüşündə nümayiş etdirdiyi yanaşmanı yada salmaq kifayətdir. Sülh təklifində yer alan prinsipləri dəstəkləyən Emanuel Makron həmin görüşdən bir həftə keçməmiş erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın ünvanına əsassız ittihamları ilə diqqətdə oldu.

Üçtərəfli görüşdə Brüsseldə belə danışıqların mümkün qədər tez-tez aparılması barədə razılığa gəlindi. Qərara alındı ki, liderlər növbəti dəfə Brüsseldə bu ilin iyul ayında görüşsünlər. Həmçinin yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda baş tutacaq 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşün keçirilməsi nəzərdə tutulur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Ermənistan - Azərbaycan münasibətlərinin normallaşdırılmasına xidmət edən hər bir görüş hədəfə doğru atılan mühüm addımdır. Bu baxımdan Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamı kimi dəyərləndirilməlidir. Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etməsi, müzakirələrdə Zəngəzur dəhlizinin, xüsusilə də dəhlizin dəmir yolu hissəsinin açılması məsələsində irəliləyişin əldə olunması və sair kimi mühüm məqamlar beynəlxalq hüququn norma və prinsiplərinin prioritetliyini bir daha təsdiqləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı şərhində də qeyd edildiyi kimi Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti