...

Ərdoğan Azərbaycanın daim yanında olaraq aydın mövqeyini göstərdi - Murat Yeşiltaş

Siyasət Materials 29 May 2023 17:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə yeni dönəmdə Azərbaycanla münasibətlərini qardaş ölkənin yüksələn statusu üzərindən davam etdirəcək.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli siyasətçi Prof.Dr. Murat Yeşiltaş deyib.

“Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi ölkənin xarici siyasəti baxımından davamlılıq anlamı daşıyır. Türk dünyası ilə münasibətlər mövzusunda prezident Ərdoğanın siyasəti hər kəsə məlumdur. Son illərdə Türk dövlətlərinin iqtisadi, siyasi və hərbi əməkdaşlıqlarının artırılmasında R.T. Ərdoğan çox böyük səylər göstərib. Xüsusilə, Azərbaycanın Qarabağ zəfərindən sonra Türk Dünyasının birlik olması, siyasi təşkilat yaratması, iqtisadi əməkdaşlıq qurması daha da güclənib. Çünki Türkiyə qlobal baxımdan ən çox təsiri olan ölkələrdən biridir”, - deyə o qeyd edib.

Türkiyəli siyasətçinin sözlərinə görə, növbəti dönəmdə Türk dünyasının və Türk Dövlətləri Təşkilatının daha intensiv fəaliyyətləri davam edəcək.

“Buradakı fəaliyyətlər, əsasən, iqtisadi əməkdaşlıq çərçivəsində daha da genişlənəcək. Lakin siyasi baxımdan da Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada öz sözünü deyəcək. Prezident Ərdoğan da bu nöqtədə hər zamankı kimi öz dəstəyini göstərəcək”, - deyə M.Yeşiltaş əlavə edib.

M. Yeşiltaş onu da bildirib ki, Azərbaycan Türkiyə üçün həssas mövzudur.

“Prezident Ərdoğan istər Qarabağ müharibəsi dövründə, istərsə də müharibədən sonra Azərbaycanın daim yanında olaraq aydın mövqeyini göstərdi. R.T. Ərdoğanın yenidən prezident seçilməsi ilə bu əlaqələrin daha da artacağını deyə bilərik. Artıq bu münasibətlər təkcə dostluq-qardaşlıq deyil, strateji münasibətləri də əhatə edir, çünki Azərbaycan bölgədə yüksələn iqtisadi və hərbi gücü, Qarabağ zəfərindən sonra diplomatik gücü ilə nüfuzlu ölkələrdən biridir. Xüsusilə, Azərbaycan qazının Avropaya ixracı, yaxın zamanlarda böyük ehtimalla, Türkmənistan qazının Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Türkiyə və Avropaya ixrac edilməsi onun nüfuzunu daha da gücləndirəcək. Artıq Ermənistanın da Qarabağı Azərbaycan ərazisi kimi tanıması Azərbaycanın bölgədəki yüksələn profilini sübut edir”, -deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti