Kişineu. Trend:
İyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş keçiriləcək.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun Moldovada keçirilən beştərəfli görüşünün yekunları üzrə jurnalistlərə açıqlamasında Şarl Mişel deyib.
“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz bütün mövzulara toxunmaq imkanımız oldu. Biz münasibətlər, sərhədlərin delimitasiyası, sülh müqaviləsi məsələlərini müzakirə etdik. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox çalışırıq və münasibətlərin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik.
Mən həm də Prezident İlham Əliyevi, Baş nazir Nikol Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində görüşə dəvət etmək niyyətimi bildirdim. Bir sözlə, biz münasibətlərin normallaşması istiqamətində daha çox irəliləyişə nail olmaq üçün Aİ olaraq hər şeyi edəcəyik”, - deyə Şarl Mişel əlavə edib.