Bakı. Trend:
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin “ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir” açıqlaması Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə qəbul və təsdiq edildiyinin daha bir təsdiqidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə açıq və dəqiq mövqeyi var.
“Qarabağ erməniləri yalnız Azərbaycan vətəndaşları kimi ölkəmizin ərazisində yaşaya bilərlər. Azərbaycan dövləti onların təhlükəsiz yaşayışını təmin etmək gücndədir. Əslində onlar Azərbaycan vətəndaşları kimi daha yaxşı yaşaya bilərlər. Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır və işğaldan azad edilmiş ərazilərdə də birgə yaşayış regionda davamlı sülhün yaranmasına səbəb ola bilər.
Onlar Azərbaycan vətəndaşları kimi daha yüksək pensiya alacaqlar, daha geniş sosial qayğı ilə əhatə olunacaqlar, ölkəmizin iqtisadi inkişafının müsbət təsirlərini öz həyatlarında hiss edəcəklər.
Bu gün Azərbaycan regionda yeni əməkdaşlıq formatı təklif edir. Azərbaycanın məqsədi regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirərək sülhün yaranmasına mane olur”, - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, ABŞ səfirinin açıqlaması da Qarabağ ermənilərnin qarşısında başqa seçim olmadığına işarədir. “Düşünürəm ki, artıq Ermənistan anlamalıdır ki, onların qeyri-konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən rədd edilir. Ermənistan öz qanusuz silahlı dəstələrini Qarabağ ərazisindən çıxarmalı və Qarabağ ermənilərinin seçiminə mane olmamalıdır”, - deyə deputat əlavə edib.