Bakı. Trend:
44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı.
Trend xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan bildirib.
"BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər. Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik.
Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq", - deyə o bildirib.