...

ABŞ Azərbaycan istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir - Brenda Şaffer

Siyasət Materials 20 Sentyabr 2023 12:36 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer Amerika KİV-ləri və analitika mərkəzlərinin postsovet məkanında müxtəlif geosiyasi münaqişələrə münasibətdə qeyri-ardıcıl mövqeyini şərh edib.

Trend xəbər verir ki, Brenda Şaffer “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı qeydlərini paylaşıb.

“Ukrayna Rusiya qoşunlarının öz ərazisindən çıxarılması uğrunda mübarizə aparır və KİV-lərin buna reaksiyası: “Ukraynaya eşq olsun!”. Gürcüstanda oxşar münaqişə ilə bağlı: “Gürcüstan, irəli!” Amma söhbət Azərbaycan-Ermənistan münaqişəsindən gedəndə və Azərbaycan tərəfi 10 min erməni hərbi qulluqçusunu öz ərazisindən çıxarmaq istəyəndə, reaksiya tamamilə başqa olur: “Azərbaycanı dayandırmaq lazımdır”, - o qeyd edib.

Şafferin daha bir şərhində ortaya ABŞ hakimiyyətinin qeyri-ardıcıl siyasəti ilə bağlı sual qoyulur:

“Siz ABŞ-nin dövlət katibi Blinkenin Ukraynaya zəng edərək, Kiyevdən Krım və ya Donetskdən olan terrorçulara qarşı hərbi tədbirlərin keçirilməsini dayandırmağı xahiş etməsini təsəvvür edə bilərsiniz? ABŞ Azərbaycan istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir”.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Xatırladaq ki, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobili tank əleyhinə minaya düşüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Xəbər lenti

Xəbər lenti