Bakı. Trend:
Azərbaycanın sentyabrın 19-da Qarabağ bölgəsində başladığı lokal xarakterli antiterror tədbirləri qaçılmaz zərurətdən doğan addımdır. İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır.
Trend xəbər verir ki, bunu deputat Kəmaləddin Qafarov bildirib.
"Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub.
Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək ölkəmizin legitim hüququdur”, - deputat deyib.
O bildirib ki, Azərbaycan son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb:
“Bu gün ermənilərin Azərbaycana qarşı apardığı mina terroru barədə məlumatlara artıq bütün dünya mediasında kifayət qədər rast gəlmək olur. Vəziyyət elə bir böhran həddinə çatmışdır ki, hətta ənənəvi olaraq Ermənistanı dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrində belə ermənilərin terror siyasətini qınayan materiallar dərc edilir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olub.
Elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşmüş, nəticədə hərbi qulluqçularımız həlak olmuş və yaralanmışlar. Məhz bundan sonra Azərbaycan Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma rejim buraxılmalıdır. Antiterror tədbirlərinin dayandırılmasına yalnız qanunsuz erməni silahlı dəstələrinin ağ bayraq qaldırmaları səbəb ola bilər. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”.
K.Qafarov ölkəmizdə müşahidə olunan siyasi həmrəyliyin əhəmiyyətini vurğulayaraq deyib:
“44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Siyasi partiyalar dövlət başçımızın ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birlikdə olduqlarını bəyan etdilər.
Bu, ölkəmizdə siyasi həmrəyliyin, ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu birlik xalqımızı bütün savaşlardan qalib çıxaracaq, ölkəmiz öz ərazilərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun tam bərpasını təmin edəcək”.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Xatırladaq ki, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobili tank əleyhinə minaya düşüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.