...

Erməni separatizmi Azərbaycan Ordusunun qətiyyətli tədbirləri sayəsində məğlubiyyətə düçar oldu - "Yeni Şafak" qəzeti

Siyasət Materials 20 Sentyabr 2023 17:57 (UTC +04:00)
Erməni separatizmi Azərbaycan Ordusunun qətiyyətli tədbirləri sayəsində məğlubiyyətə düçar oldu - "Yeni Şafak" qəzeti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin nüfuzlu "Yeni Şafak" qəzeti Trend BİA-nın ingilis xəbərlər xidmətinin rəhbəri Maryana Əhmədovanın Azərbaycan Ordusunun 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələri barədə məqaləsini dərc edib.

Sözügedən materialı Trend oxucularının diqqətinə çatdırırıq:

Aylardır ki, Azərbaycan aktiv şəkildə Ermənistanla sülh sazişinə nail olmağa çalışırdı və İkinci Qarabağ müharibəsindən sonra dəyişən dinamika fonunda yeni əməkdaşlıq və tərəqqi erasına yol açmağa cəhd göstərirdi. Bu başlanğıc hər iki ölkəni sülh, artım və inkişafla səciyyələnən daha yüksək səviyyəyə qaldırmağa yönəlmişdi.

Azərbaycan bu məqsədlərə əsasən diplomatik vasitələrlə nail olmağa çalışır, eyni zamanda özünün işğaldan azad olunmuş ərazilərini bərpa edir, həmçinin mütəmadi olaraq Ermənistan Silahlı qüvvələri tərəfindən artilleriya atəşini susdururdu.

Lakin bircə yanlış addım uzun müddət ərzində göstərilən səyləri potensial olaraq puça çıxara bilərdi.

19 sentyabr 2023-cü il tarixində saat 04:30 radələrində Xocavənd rayonu Tağaverd kəndi yaxınlığında terror aktı baş verib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı yük avtomobili qanunsuz erməni silahlı birləşmələri tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda qeyd olunan müddəalara baxmayaraq, bu qruplaşmalar indiyədək Azərbaycan ərazisindən çıxarılmayıb.

Beləliklə, Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə və Ermənistan silahlı qüvvələrinin qalıqlarına yönəlmiş lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Nəticədə 24 saatdan az müddətdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 90-dan yuxarı döyüş mövqeyini nəzarətə götürməyə nail oldu. Eyni zamanda Ermənistan silahlı qüvvələrinə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) qənimət olaraq ələ keçirilib.

Beləliklə, 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlərlə antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Eyni zamanda yuxarıda qeyd olunan proseslərin icrası müvəqqəti olaraq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.

Bundan başqa, sabah Qarabağ ermənilərinin nümayəndələri Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə reinteqrasiya prosesini müzakirə etmək üçün görüşəcək.

Azərbaycan dəfələrlə vurğulayıb ki, Qarabağ separatçıları üçün yeganə şərt tərksilah olaraq hər hansı lazımsız ləngimələr olmadan bu bölgəni tərk etməkdir. Lakin separatçılar ilkin olaraq bu təklifi qəbul etmədilər. İndi Azərbaycan Ordusu hadisələrin gedişatını qəti şəkildə dəyişdikdən sonra 24 saat keçməmiş onlar danışıqlara girməyə hazırdırlar. Beləliklə, Xankəndidə qondarma "humanitar böhran" ətrafındakı bütün spekulyasiyalar və Azərbaycanı nüfuzdan salmağa yönəlmiş yalan təbliğat Müzəffər Azərbaycan ordusunun qətiyyətli tədbirləri sayəsində səmərəsiz oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti