Bakı. Trend:
Lokal xarakterli antiterror tədbirlərindən sonra Yevlaxda görüşün keçirilməsi Azərbaycanın siyasi iradəsinə söykənirdi.
Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, əldə olunan razılıqlara görə növbəti görüşlər keçirilməli idi.
"Artıq Xocalıda eyni heyət yenidən görüşdü. Görüşün əsas əldə olunan nəticəsi humanitar məsələlərin həllinə yönəlib. Azərbaycan antirerror tədbirləri bitdikdən sonra Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli sakinlərinə ərzaq, un və yanacaq göndərdi. Bununla yanaşı, Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən səhiyyə xidməti təşkil olunacaq. Bu, reinteqrasiya prosesinin tərkib hissəsi kimi görünə bilər", - deyə İ.Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, Azərbaycan humanist dəyərlərdən çıxış etdiyini əməlləri ilə nümayiş etdirir.
"Yeni tarix yazılır və yeni münasibətlər sistemi formalaşdırılır. Azərbaycan tarixi zəfər qazandı. Bununla yanaşı, regionun hərbsizləşdirilməsi və reinteqrasiya prosesində israrlıdır. Bu hədəflərə çatacağımıza əminik", - deyə o bildirib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.
Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.