Bakı. Trend:
Antiterror tədbirləri zamanı heç bir mülki obyektə ziyan vurulmayıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlər açıqlamasında deyib.
Nazir bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh təşəbbüslərinə qarşı çıxdı.
"Silahlı birləşmələr Qarabağdan çıxarılmadı. Nəticədə son təxribatın şahidi olduq. 6 vətəndaşımız şəhid oldu. Bundan sonra 19 sentyabrda antiterror əməliyyatları başladı", - deyə o, əlavə edib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana sülh sazişi təqdim edib, lakin Ermənistan təxribatlarını davam etdirib.Nəticə olaraq Azərbaycan Qarabağda antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.