...

Qarabağdakı erməni sakinlərə göndərilən humanitar yardımların həcmi açıqlandı - RƏSMİ

Siyasət Materials 3 Oktyabr 2023 12:35 (UTC +04:00)
Qarabağdakı erməni sakinlərə göndərilən humanitar yardımların həcmi açıqlandı - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsindəki erməni sakinlərə humanitar yardım çatdırılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında paylaşımında bildirilib.

Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.

Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb.

25 sentyabr tarixində Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.

26 sentyabrda 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib. Bundan başqa, sentyabrın 26-da partlayışla əlaqədar Xankəndiyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərilib və onlar alovu uğurla söndürüblər. Həmçinin, Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərinin hərəkəti üçün açılıb. Xankəndidən təxliyələrə BQXK-nın təcili yardım maşınları kömək edib.

Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23 160 peçenye, 10 000 şokolad, 31 860 şüşə içməli su ilə təchiz ediliblər.

29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

Daha sonra Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən Laçın sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus göndərilib.

Qeyd edək ki, oktyabrın 2-də Prezident Administrasiyası Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı şərtləri açıqlayıb.

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti