Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bir çox vacib məsələlərə toxunmuş və mühüm mesajlar vermişdir.
İşğaldan azad olmuş ərazilərdə aparılan geniş miqyaslı tikinti quruculuq işlərindən danışan cənab Prezident qeyd etmişdir ki, bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Zəngilanda görülən işlərdən bəhs edilərkən qeyd olunmuşdur ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Cənab Prezident İlham Əliyev öz çıxışında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qaydış Proqramını hazırda Azərbaycan üçün bir nömrəli vəzifə olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Burada qarşıya qoyulan hədəflərə nail olmağın mexanizmləri öz əksini tapıb. Əsas çağırışlardan biri bu ərazilərin yaşıl enerji zonasına çevrilməsidir. Bu torpaqlar zəngin bərpa olunan enerji resurslarına malikdir. Onlara investisiyaların yatırılması hazırkı dövrün mühüm çağırışlarındandır.
Dövlət başçısı cənab İlham Əliyev forumdakı çıxışında bildirdi ki, 2-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar olacaq: “Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə Azərbaycana biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası Azərbaycan üçün bir nömrəli vəzifədir”.
Cənab Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, bərpa-quruculuq işlərinə başlandığı gündən əsas hədəf işğaldan azad olunmuş ərazilərin müasir tələblər səviyyəsində yenidən qurulmasıdır. Çünki insanlar 30 ilə yaxın işğal dövründə çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar 30 il doğma yurd-yuvalarına qayıdacaqları günü gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazmaqla 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, soydaşlarımızın arzularını reallaşdırdı. Bu gün onların gözləntiləri tezliklə bu yerlərə qayıtmaqdır.
Forumda Azərbaycanın son uğurlarına bir daha diqqət yönəldildi. Bildirildi ki, ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin uğurlarının miqyası genişdir. Bir günlük lokal antiterror tədbirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Bu tədbirlərin nəticəsi olaraq sülh müqaviləsinin tezliklə imzalanması üçün bütün maneələrin aradan götürüləcəyini düşünmək olar. Müzəffər Ali Baş Komandan Forumda bir daha bu çağırışı etdi ki, sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda suverenliyimizi artıq bərpa etmişik: “Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.
Eyni zamanda, cənab Prezident qeyd etdi ki, biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı: “Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Milli Məclisin deputatı
Rauf Əliyev