...

Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib

Siyasət Materials 5 Oktyabr 2023 12:41 (UTC +04:00)
Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal  üzvünə çevrilib

Bakı. Trend:

Oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Qeyd olunmuşdur ki, belə bir qlobal tədbirə ev sahibliyi etmək Azərbaycan üçün şərəfdir.

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün Azərbaycan ikisi telekommunikasiya, biri isə yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45- dən artıq ölkəyə xidmət göstərirlər. Bildirilmişdir ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Azərbaycanın apardığı siyasət hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşü. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.

Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.

BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması ilə əlaqədar cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik”.

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Tədbirdə 100-dən çox ölkədən 5000-dən artıq nümayəndə iştirak edir. 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır və ölkəmiz artıq mühüm beynəlxalq əhəmiyyət daşıyan məsələlərin müzakirə edildiyi platformaya çevrilmişdir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti