Bakı. Trend:
Azərbaycan hər zaman enerji strategiyasının inkişafına xüsusi önəm verib və bu sahədə böyük uğurlara nail olub. 26 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı Azərbaycanın bu istiqamətdə növbəti uğurudur.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, yeni stansiyanın açılması Azərbaycanın alternativ enerji istehsal gücünü artıracaq və ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi qabiliyyətini daha da gücləndirəcək.
“Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də, dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.
Ölkəmiz bu istiqamətdə beynəlxalq əməkdaşlığını daha da genişləndirir. Azərbaycan həm də dünyada etibarlı tərəfdaş imici qazanıb və ölkəmizə bu istiqamətdə investisiya qoymaq istəyən ölkələrin sayı artmaqdadır. Bu layihə də beynəlxalq əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlıq çərçivəsində inşa olunan Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
“Hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşrutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur.
Elektrik enerjisi xətlərinə gəldikdə, Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac edilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı, Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında da özünü məsuliyyətli ölkə kimi aparır. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir”, - deyə deputat əlavə edib.