...

Zəfər Günü Koreyada qeyd olundu

Siyasət Materials 17 Noyabr 2023 10:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 13 noyabr 2023-cü il tarixində Koreya Respublikasının İnçeon şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti keçirilib.

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyindən Trend-ə bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Koreya Respublikasında fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsindən, mürəkkəb tarixi və siyasi sınaqlar fonunda Ulu Öndərin sarsılmaz qətiyyəti və misilsiz xidmətləri ilə ölkəmizi inkişafa doğru aparan liderliyindən bəhs edib.

Səfir 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi, Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin hüdudlarından kənarda da geniş şəkildə qeyd olunması barədə məlumat verib. Ramin Həsənov Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsi ilə 30 il davam edən işğala son qoyması, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsi və bu xüsusda, hər il 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü qismində təntənəli şəkildə qeyd olunmasını vurğulayıb.

Səfir İnçeonda keçirilən konserti Koreya ictimaiyyətinin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün əlverişli imkan adlandırıb. Azərbaycan muğamının özəlliyi və onun qlobal səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər, Azərbaycandakı muğam məktəbləri və Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

İnçeon şəhərində yerləşən Inha Universitetinin qlobal təhsil layihələri üzrə dekanı Kyunqcin Min çıxışında iki ölkə arasında təhsil və mədəniyyət sahəsində uğurlu əməkdaşlıqdan bəhs edib.

Konsertdə əməkdar artist Sahib Paşazadənin bədii rəhbərliyi ilə əməkdar artist Toğrul Əsədullayev, əməkdar artist Kamran Kərimov, Rüstəm Müslümov və Səbinə Ərəblidən ibarət olan ansambl tərəfindən Azərbaycanın məşhur muğam musiqisinin nümunələri ifa edilib.

Konsert proqramından sonra qonaqlar ziyafətə dəvət edilib.

Tədbirdə Inha Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti, İnçeon şəhərinin ictimai-siyasi dairələrinin təmsilçiləri və Koreyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti