Bakı. Trend:
Fevralın 8-də Belarus parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Trend xəbər verir ki, tədbirdə parlamentin Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağda yerləşən iki seçki məntəqəsində səsvermənin gedişini müşahidə etdiyini bildirib.
Deyib ki, həmin məntəqələrdə seçicilər yüksək fəallıq nümayiş etdirdilər.
“Seçkilərin şəffaf keçdiyini müşahidə etdim. İnsanlar xoş məramla, bayram əhvali-ruhiyyəsində prosesə qoşulmuşdular”, - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.