...

Neft-qaz ölkələri üçün ədalət çağırışı - 12-ci konfransın dərsləri

Siyasət Materials 2 Mart 2024 14:40 (UTC +04:00)
Neft-qaz ölkələri üçün ədalət çağırışı - 12-ci konfransın dərsləri

Bakı. Trend:

Aydın Quliyev yazır...

Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda 12-ci iclası əvvəlki 11 iclasa tam şəkildə bənzəmir. Konkret fərqlər var. Çünki 12 il əvvəlki beynəlxalq vəziyyət və geosiyasi qüvvələr nisbəti indikindən çox fərqli idi. Suriya hərbi müdaxilə nəticəsində hələ parçalanmamışdı, Krım işğal olunmamışdı, Ukrayna müharibəsi başlamamışdı, Azərbaycan öz gücü ilə ərazilərini işğaldan azad edərək bölgəyə yeni reallıqlar gətirməmişdi, məlum qüvvələr suveren və bütöv Azərbaycanın qəsdinə bu qədər açıq və qərəzlə dayanmırdılar, Qəzza müharibəsi hələ yox idi, NATO- Rusiya düşmənçiliyi bu qədər açıq formada deyildi, Avropa hələ Rusiyanın neft və qazından imtina etməmişdi, Avropa Rusiyanın və onun müttəfiqlərinin neft-qaz asılılığından çıxmaq üçün neftə və qaza alternativ mənbələrin axtarışına bu dərəcədə inadla girişməmişdi, nəhayət, böyük neft və qaz ehtiyatlarına malik ölkələrlə olmayan ölkələrin arasında münasibətlər indiki kimi soyumağa üz tutmamışdı.

Qısası, bu gün dünyada müxtəlif eni tendensiyaların arasında birisi daha aydın görünməyə başlayıb - Avropa Birliyi ölkələri təkcə öz iqtisadiyyatlarını neft və qaz asılılığından çıxartmaq haqda düşünmürlər. Həm də neft- qaz ölkələrinin asılılığından çıxmağa çalışırlar. Beləliklə, bir yanda neft- qaz asılılığından qurtulmaq siyasəti aparır, digər yanda alternativ enerji mənbələrinin daha geniş yaradılması üzərində çalışırlar. Burada Qərb ölkələrinin bir nömrəli məqsədi atmosferi təmizləmək və bəşəri sağlamlıq üçün daha münasib ətraf mühit yaratmaq deyil. Bunu sadəcə üzlərinə tuturlar, öz xalqlarının fikrini manipulyasiya edirlər ki, "sizin üçün sağlam ətraf mühit, oksigenlə daha zəngin atmosfer və daha üzvi qida məhsullarının istehsalına şərait yaradırıq".

Çox cəlbedicidir, deyilmi? Əlbəttə, əksər insanlar dərhal inanmağa başlayır ki, əsas enerji mənbəyi olaraq neft və qazdan istifadə olunması ətraf mühiti korlayır. İstixanalar, qazanxanalar, avtomobillər, zavodlar, fabriklər və sair benzin və dizellə işləmirmi? İnsanların düşüncəsinə o dəqiqə təsir edir ki, əgər külək, günəş və su elektrik enerjisinə geniş miqyaslarda keçid olarsa, neft və qaz kimi çirkləndirici enerji növlərinin miqyasını kiçiltmək olar. Ancaq Qərb geosiyasətçilərinin düşüncəsi buna yönəlsə də, əsas hədəf neft və qazla zəngin ölkələri dışlamaqdır.

Son üç ildə Ermənistan siyasətçiləri Avropanın bütün qurumlarında "Azərbaycanın neft və qazından imtina çağırışlarını öz başlarından demirlər, bunlar Avropa strateqlərinin ermənilərə verdikləri dildir.İndi sadəcə ehtiyacları var, möhtac olmasalar, Azərbaycanın neft və qazından həmən imtina edərlər. Həm də ehtiyat edirlər ki, dünyanın neft və qazdan alternativ enerji növlərinə keçidi dərhal baş verməyəcək, bu uzun bir prosesdir və hələ uzun müddət ( azı iki on il) dünya iqtisadiyyatı neft və qazın üzərində dayanacaq.

Prezident İlham Əliyev məhz bu mətləbə işarə edərək 12-ci neft-qaz iclasında dedi - heç kim yaxın gələcəkdə qazıntı yanacağı (yəni neft və qaz) olmadan dünyanın inkişaf edə bilməyəcəyi faktını inkar edə bilməz. Dəqiq belədir. Prezident elə bu inamla Azərbaycanın qaz hasilatının və ixracatının genişləndirilməsi layihələri üzərində işləri davam etdirdiyini söylədi. Şahdəniz, Abşeron, Azəri-Çıraq-Günəşli dərin qaz və Ümid yataqlarının yeni fazalarının işlənməsi barədə plan və reallıqlardan buna görə geniş söz açdı. Bu onun Qərbə mesajı idi ki, dünya hələ yaxın gələcəkdə bizimlə işləməlidir. Mesajın davamı da var. Prezident Azərbaycanın külək, günəş və hidroenerji mənbələrinin yaradılması istiqamətində görülən işləri də təsadüfən xatırlamadı.

Onlara dedi ki, alternativ enerji istehsalımızı və ixracımızı qurmaq işinə çoxdan başlamışıq və yaxın gələcəyin neft və qazla bağlı çağırışlarına hazır getmək bizim də gördüyümüz reallıqdır. Prezidentin alternativ enerji sektoruna Əmirliklərin və Səudiyyənin investisiyalarının artıq cəlb olunduğunu xatırlatması isə sadəcə görülən işin göstərilməsi üsulu deyil. Çünki bunun ardınca Azərbaycanın bərpa olunan enerji sektorunun Avropa investorlarının da üzünə açıq olduğunu söylədi. Prezident bununla da mesaj verdi ki, Azərbaycanın bərpa olunan enerji sektoruna "maya qoymaqdan "hələlik uzaq durmağınızı anlayıram, " bacarmayacaq" ümidi ilə Azərbaycanı bu işdə tək qoymaq istəyirsiniz, neft-qaz ixracı erasının bitdiyi dövrdə Azərbaycanın alternativsiz qalacağına ümid edirsiniz və sair". Prezidentin bu mesajları, eyni zamanda, COP29-a görə Azərbaycanı hədəf seçən məlum dairələrə cavabdır.

Bu dairələrin məqsədi aydındır. Onlar neft- qaz ölkəsi olan Azərbaycanın dünyaya həm də alternativ enerjiyə sürətli keçid etməyə çalışan ölkə kimi tanınmasını istəmirlər. "Neft-qaz ölkəsi olan Azərbaycana COP29 konfransını hansı məntiqlə salırsınız?" deyə ilk gündən bizə qarşı duran ölkələr məhz bunu düşünürdülər. Bu kontekstdə də prezidentin yanaşması maraqlıdır - COP 29-a ev sahibliyi istəyimiz bizim iradəmizi ifadə edir, yanlış iş görmürük, "yaşıl" gündəliyimizə uyğun hərəkət edirik.

İnanmaq istəyirəm ki, Prezidentin məhz bu mesajları Avropa investorlarını Azərbaycanın alternativ enerji sektoruna pul qoymağa yönəldəcək.

Qərb ölkələrinin neft-qaz ölkələrinə qarşı strateji layihələr düşünüb həyata keçirdikləri indiki vaxtda neft-qaz ölkələrinin özlərinin də vahid hərəkət strategiyasının formalaşdırılmasına çox ehtiyac var. Neft və qazdan sonra bərpa olunan enerji dövrünün gəldiyini bütün ölkələr görür.Ancaq bu görüntülərə uyğun hərəkət platformalarının işlənməsini heç də hamı bacarmır.

12-ci iclasda İlham Əliyevin çıxışı onun bu istiqamətdə də aydın təsəvvürlərə malik olduğunu göstərdi. Faktiki olaraq, Azərbaycan prezidenti postneft-qaz dövrü üçün bu sərvətə malik ölkələrin lobbiçiliyini elədi. Maraqlı fikir söylədi. Dedi ki, dünyada qazıntı yanacağına problem yaradan məsələ kimi baxmaq meyli var, nefti və qazı olan ölkələrə ədalətli olmaq lazımdır, neftə-qaza malik olmaq onların günahı deyil, onlara qarşı ayrı-seçkilik olmamalıdır, bu ölkələrin fəaliyyəti onların ətraf mühitin qorunması və "yaşıl enerji"yə keçid sahəsində nə etdikləri baxımından qiymətləndirilməlidir, əks halda neft-qaza malik ölkələrlə olmayan ölkələrin arasında ayrıcı xətlər yaranacaq. Əla... Uzaqgörənliklə və sərrast deyilib.Həm həqiqətən ədalətli fikirdi, həm də neft - qaz ölkələrinin yeni epoxa üçün qüvvələrini birləşdirməyə çox təsirli çağırışdır. Bəs necə?

100 ildən çoxdur ki, Qərb Ərəbistandan, Afrikadan, Amerikadan nefti dartıb aparıb, özünə cah-cəlal yaradıb, indi bərpa olunan enerji mənbələrini kəşf etdikdən sonra onlara imkan verilməlidir ki, "sizlər artıq bizə lazım deyilsiniz" desinlər?! Əsla.

Azərbaycan prezidenti neft-qaz ölkələrinə ədalətli münasibət çağırışı ilə bərabər, onların gələcək fəaliyyətlərinin daha sıx koordinasiyasının da əsasını qoydu. Burada söhbət ilk növbədə Yaxın və Orta Şərqin, Afrikanın neft-qaz ölkələrinin gələcək mənafelərindən gedir. Bunlar, əsasən, Qoşulmama hərəkatı xətti ilə Azərbaycana siyasi yaxın ölkələrdi. 3 il əvvəl Azərbaycan prezidenti bu ölkələrin "vaksin millətçiliyindən" müdafiə hərəkatını necə başlatdısa, bu gün də neft-qaz ölkələrini alternativ enerji dövrünün ayrı-seçkilik münasibətlərindən qorumaq təşəbbüsünü qaldırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti