...

Azərbaycan və Gürcüstan Avrasiya üçün önəmli ölkələrə çevrilib - Sevil Mikayılova

Siyasət Materials 18 Mart 2024 16:46 (UTC +04:00)
Azərbaycan və Gürcüstan Avrasiya üçün önəmli ölkələrə çevrilib - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edib və Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin martın 16-da Azərbaycana ilk səfəri də əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək.

"Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan tranzit ölkə kimi çıxış edir. Beləliklə, Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Öz iqtisadi potensialından düzgün faydalanmaqla hazırda Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstanın irimiqyaslı nəqliyyat layihələrini icra etməklə regionumuzdan keçən yük axının həcmini dəfələrlə artırıb.

Bakı -Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq. Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.

Eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsində iştirak etməklə AB-nin enerji təhlükəsizliyinin təminatında mühüm rolu öz üzərilərinə götürüblər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova qeyd edib ki, iki qonşu ölkə arasındakı dostluq münasibətləri regionun inkişafına mühüm töhfələr verir. Hər iki ölkə Cənubi Qafqazda qalıcı sülhün formalaşmasında istəklidir.

“Xüsusilə təqdirə layiqdir ki, Gürcüstan bu prosesdə tərəf güdmədən, qərəzsiz formada dəstək göstərməyə çalışır. Azərbaycan və Gürcüstan regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının tərəfdarıdır. Regionda qalıcı sülh və sabitlik əldə etmək üçün bu ən düzgün prinsipdir”, - deyə S.Mikayılova bildirib.

Deputat onu da vurğulayıb ki, iki ölkə arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam edir. Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətlə inkişaf etməsi aparılan dövlət siyasətinin uğurlu və korrekt olduğunu bir daha təsdiqləyir.

“Əminik ki, iki qonşu və dost ölkə bundan sonra da ikitərəfli əlaqələri inkişaf etdirəcək və qarşıya qoyulmuş hədəflərə çatacaq", - deyə S.Mikayılova əlavə edib.

Xəbər lenti

Xəbər lenti