"Ermənistanın ərazi bütünlüyü ilə bağlı kimsədə sualların yaranmaması üçün öz ərazimizi dəqiqləşdirməliyik".
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin şərti dövlət sərhədlərinin real sərhədlərə çevrilməsi üçün zəruri legitimləşmə prosesinə zərurət duyulduğunu bilir. Həmin proses Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə yanaşı, hazırda Ermənistanın işğalındakı, lakin Azərbaycan ərazisi olan 8 kəndin azad edilməsindən və Bakıya təhvil verilməsindən asılıdır.
Özü də birbaşa şəkildə.
N.Paşinyan da ermənilərə bunu anlatmağa çalışır, əlində tutduğu latun Ermənistan xəritəsi maketi vasitəsilə ölkənin hüdudlarının necə olduğunu başa salmağa çalışdığını vurğulayır.
"Bizi tez-tez qınayırlar ki, niyə 2022-ci ilin oktyabrında Azərbaycanla bizim ərazi bütünlüyümüzün qarşılıqlı şəkildə tanınmasını nəzərdə tutan Praqa bəyannaməsini imzaladıq. Səbəb bəsitdir, çünki ərazimizi dəqiq göstərməsəydik hətta ən yaxın müttəfiqlərimiz belə ərazi bütünlüyümüzlə hesablaşmayacaqdılar", - N.Paşinyan söyləyib.
Onun sözlərinə görə, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistanla bağlı məsuliyyət zonasını konkretləşdirməyi gözləyirlərsə, İrəvan öz ərazi bütünlüyünü mütləq konkret şəkildə bəyan etməlidir: "Əgər bir birtərəfli qaydada dürüst xəritəni, dürüst konturları göstərməsək müttəfiqlərimiz bizi onları müharibəyə cəlb etmək istəyində suçlaya bilərlər".
Ermənistanın baş naziri daha sonra vurğulayıb ki, "xalqı qorxutmur, xalqa həqiqəti deyir".
Onun sözlərinə görə, bölgədə sülh və stabilliyin bərqərar olması üçün ilk əvvəl Ermənistanın ərazisinin harada, necə olduğunu müəyyənləşdirmək və sərhədləri bəlirləmək gərəkdir".
Beləliklə, Nikol Paşinyan Qərb, yəni Avropa İttifaqı, Fransa və ABŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı, İran və Rusiyanın maraqlarını da bütünlüklə nəzərə aldığını göstərməyə çalışır.
Xatırladaq ki, Nikol Paşinyan, ABŞ-ın dövlət katibi Entoni Blinken və Paşinyan, Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 5-də Brüsseldə Ermənistanın inkişafını müzakirə edəcəklər.
Rəsmi İrəvanın ümidi və gözləntiləri də məhz Qərblə bağlıdır. Ermənistan rəsmilərinin mantra kimi fasiləsiz təkrarladığı açıqlamaya görə, "Rusiya ermənilərin təhlükəsizliyini təmin etmədiyi üçün Ermənistan digər təminatçı axtarmaq məcburiyyətindədir".
İrəvan məşz bu səbəbdən Fransa, Yunanıstan, Kipr və Hindistanla hərbi-texniki əməkdaşlıq anlaşmaları imzaladığını vurğulayır.
Lakin sazişlərə,anlaşmalara və İrəvana verilən vədlərə rəğmən, Qərb ölkələri, yaxud Hindistan Ermənistanla normal hərbi-siyasi alyans yaratmaq niyyətindən, xüsusilə də imkanlarından məhrumdur.
Ukraynada hərbi əməliyyatlar aparan Rusiyanın üzləşdiyi çox ağır problemlərə və çətinliklərə rəğmən, Moskvanın İrəvana verdiyi təhlükəsizlik təminatlarını Qərb tam əvəzləmək iqtidarında deyil.
Ermənistanın Tavuş rayonu ərazisindəki Azərbaycan kəndlərinin azad olunmasının və Bakıya təhvil verilməsinin qaçılmaz olduğunu bilən Nikol Paşinyan situasiyadan yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesinin sürətləndirilməsi üçün istifadə etdiyni də vurğulayır.
Paşinyanın məqsədi Qərbin dəstəyini gücləndirməkdir.
Avropa İttifaqı, ABŞ, Fransa və Britaniya ermənilərin ritorikası ilə Rusiya-Ermənistan əlaqələrinin real vəziyyəti arasındakı kəskin fərqi görürlər.
Eyni zamanda, Ermənistanın təhlükəsizlik təminatlarının genişləndirilməsi hazırda Avropa İttifaqının ümdə problemləri arasında deyil. Yetər ki, Aİ-nin Ukraynaya yardımları ilə bağlı yaşanan böhranlı situasiyaya ötəri də olsa, nəzər salınsın.
Avropa İttifaqı ermənilərə onu da anlatmağa çalışır ki, Rusiya ilə münasibətlərdə ritorikanı fasiləsiz sərtləşdirməklə İrəvan çox ciddi yanlışlığa və tələskənliyə yol verir.
Moskvanı tammənalı şəkildə, bütünlüklə əvəzləyəcək hami, yaxud havadar olmayınca İrəvanın Rusiyaya ünvanladığtı ultimatumlar bumeranq effekti verə bilər və belə getsə, verəcək də.
Ermənistanın vəziyyəti ağırdır və Rusiya ilə münasibətlərin kəskin şəkildə mənfiləşməsi ilə İrəvan durumunu daha da pisəşdirəcək.
Cənubi Qafqazda vəziyyətin kəskin sərtləşəcəyi, yeni risklərlə çağırışların formalaşacğı təqdirdə İrəvan Fransanın, ABŞ-ın və ya Avropa İttifaqının hərbi yardımlarına bel bağlaya bilməyəcək.
Səbəblər çoxdur.
Ermənilər nədənsə hələ də dərk etmirlər ki Azərbaycan Qərbin, konkret halda Avropa İttifaqının və NATO-nun çoxillik, etibarlı və stabil enerji tərəfdaşıdır.
ABŞ və Avropa İttifaqının əsas məqsədi Azərbaycanla Ermənistan arasındakı problemlərin danışıqlar masası arxasında həll olunmasıdır.
Bakı ilə İrəvan arasında ikitərəfli danışıqlar davam etdikcə nə Brüssel, nə də Vaşinton hansısa tərəfi aşkar dəstəkləməyəcəklər, tərəf tutmayacaqlar.
Ermənilər İranı da unutmasınlar: T ehran dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz regionunda köklü geosiysi dəyişikliklərə, “bölgə ölkəsi olmayanların burada möhkəmlənməsinə” imkan verməyəcək.
Şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasının ilkin şərti qismində 30 ildən bəri erməni işğalında olan 8 kəndimizin azad edilməsinin labüd olduğunu anlayan rəsmi İrəvan mövcud situasiyada çıxış yolu axtarsa da, tapa bilməyib.
Yol yeganədir: kəndlər mütləq azad edilməli, şərti dövlət sərhədi ilə bağlı zəruri prosedurlar aparılmalı, Zəngəzur nəqliyyat dəhlizi istifadəyə verilməli, normal dövlətlərarası əlaqələrin qurulmasına başlanmalıdır.
Bu prosesin əksi hərbi-siyasi eskalasiyadır.
Yəni Ermənistanın bir dövlət kimi məhv təhlükəsi ilə üzləşməsi…