...

Ölkəmizdəki dini durum barədə qərəzli fikirlər səsləndirən şəxsləri ədalətli olmağa çağırıram - Səyavuş Heydərov

Siyasət Materials 5 Aprel 2024 15:49 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdəki dini durum barədə həm daxildə, həm də xaricdə qərəzli fikirlər səsləndirən şəxsləri ədalətli olmağa, real mənzərəni düzgün qiymətləndirməyə çağırıram.

Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Milli maraqlara əsaslanaraq dini etiqad azadlığını təmin etmək dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Azərbaycanda vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dövlət-din münasibətləri modelinin möhkəmlənməsi, dinlərarası dialoqun inkişafı və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində dini sabitlik hökm sürür. Sadaladığım mühüm ənənələrin inkişaf etdirilməsi ilə yanaşı, zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da genişləndirilməsi, milli ruhlu, azərbaycançılıq ideologiyasına sadiq dini kadrların hazırlanması, peşəkarlığının artırılması, eləcə də tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği işinin davam etdirilməsi Dövlət Komitəsinin gələcək fəaliyyətinin prioritetləri sırasındadır.

"Həmçinin, din siyasəti formalaşdırılarkən reallıqlar, təhdidlər nəzərə alınaraq mövcud həmrəyliyin qorunması ən ümdə vəzifələrdən biri kimi müəyyənləşdirilib. Dini icmalar arasında dərin dostluq və mehriban əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən ay keçirilən “Dinlərarası harmoniya” festivalı ölkəmizdəki dinlər və icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirmiş oldu.

Bu festival zamanı Azərbaycandakı dini durumun möhkəm dayaqlara söykəndiyini gördük. Yeri gəlmişkən, dini sahədə həyata keçirilən elə işlər var ki, onların nəticəsi göz qabağındadır. Lakin bəzi layihələr həyata keçirilir ki, onların effekti müəyyən zamandan sonra özünü göstərir.

Bu gün birmənalı şəkildə deyə bilərik ki, Komitənin aparıcı əməkdaşları dövlətin din siyasətini dərindən bilir, istər prosesləri izləmək, istərsə də təhlil etmək baxımından professionallıq nümayiş etdirirlər. Sağlam dini mühitin formalaşması, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işləri prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək həyata keçirirlər.

Qeyd edim ki, Komitə əməkdaşları ilə dini qurumlar, din xadimləri arasında yaranan səmərəli, işgüzar və xoş münasibətlər də bu prosesə xeyli fayda verir.

Fürsətdən istifadə edərək ölkəmizdəki dini durum barədə həm daxildə, həm də xaricdə qərəzli fikirlər səsləndirən şəxsləri ədalətli olmağa, real mənzərəni düzgün qiymətləndirməyə çağırıram. Həqiqətən bu sahənin təəssübünü çəkən, pafosdan, ictimai demaqogiyadan kənar şəxslərin təkliflərini dinləməyə, eləcə də müzakirələr aparmağa həmişə hazırıq".

Xəbər lenti

Xəbər lenti