Bakı. Trend:
Azərbaycanın dünya birliyindəki əlaqələri sürətlə genişlənir və mövqeyi möhkəmlənir. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb.
Məhz cənab İlham Əliyevin siyasətinin nəticəsidir ki, ötən illər ərzində ölkəmiz demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısı cənab İlham Əliyevin bütün səyləri regionun inkişafına, Qafqazda sabitliyin qorunub saxlanılmasına xidmət edir.
Cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının bariz nümunəsidir. Bu gün Azərbaycanla Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo dövlətləri arasında sənədlərinin imzalanması mövcud münasibətlərin davamlığına əsaslanır. Hər iki ölkə başçıları tərəfindən "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd olduğunu bildirərək bunun əməkdaşlığımızın perspektivlərini müəyyən edəcəyini vurğulayaraq bir çox mühüm məsələlərə toxunan cənab İlham Əliyev qeyd etmişdir ki, “Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.
Ölkə başçısı cənab İlham Əliyev mətbuata bəyanatı zamanı bildirmişdir ki, “Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır. Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”. Qeyd etmək lazımdır ki, Konqo Respublikası Afrikada Nigeriya və Anqoladan sonra üçüncü ən böyük xam neft istehsalçısıdır. Ölkənin təqdiq edilmiş ehtiyyatları 284 milyard m3 qaz, 1.8 milyard barel neft təşkil etməkdədir. Ölkəmiz Afrika bazarına daxil olmaqla eyni zamanda transmilli korporasiyaya çevrilmək istiqamətində daha 1 addım atdı. Azərbaycanla Konqo arasında diplomatik münasibətlər 2018-ci ildə qurulub və qısa müddətdən sonra böyük prespektiv vədd edən müqavilənin imzalanması ölkəmizin uğurudur.
Milli Məclisin deputatı,
Rauf Əliyev