...

Fransa terroru dəstəkləyir? İzlər Parisə aparır

Siyasət Analytics 12 Aprel 2024 22:21 (UTC +04:00)
Fransa terroru dəstəkləyir? İzlər Parisə aparır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

""Crocus City Hall"da törədilən terror aktını Fransa prezidenti Emmanuel Makron və digər Qərb liderləri maliyyələşdirib".

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.

"Əlbirlər. Onlar çoxdur. Onların dairəsi genişlənir və əmlak, pul verənlər, hərəkəti təşkil edənlər, atəş açmağı öyrədənlər və s.-lər də bu çevrəyə daxildir. Onlarla da hər şey aydındır. Hamısı cavab verəcək. Digər əlbirlər və ya terrorçuların beynəlxalq sponsorları daha maraqlıdır. Burada isə əfsuslar olsun, vəziyyət belədir - həmin qüvvələrə NATO ölkələrinin ali rütbəli şəxsləri daxildir. Onlar müxtəlifdir. Elə həmin Makron. Onun ritorikası birbaşa olaraq martın 22-də törədilmiş terror aktına dəstək vermək kimi dəyərləndirilə bilər. Məhz bu səbəbdən şampan şərablı ilbizləri svən adam elə rüsvay oldu ki, özü, sonra da yaxın ətrafındakı adamlar Fransanın bu teraktda əli olmadığını bəyan etmək məcburiyyətində qaldılar", - D.Medvedev yazıb.

D.Medvedevin açıqlaması yetərincə ciddi ittihamdır və birmənalı olaraq nəzərə alınmaya bilməz.

O, Qərb ölkələrində və mediasında impulsiv, bəzənsə ifrat aqressiv bəyanatlar verən dövlət xadimi kimi qələmə verilsə də, D.Medvedv Kremlin daxili "mətbəx"inə əla bələd olan, rəsmi və ictimaiyyətə açıqlanmayan məlumatlara malik insandır.

Onun açıqlaması təbii ki, rəsmi Paris tərəfindən birmənalı təkzib edildi. Fransanın Azərbaycandakı səfirliyi isə bu açıqlamanı "biabırçılıq" kimi dəyərdəndirdi.

Əslində, nə olub və Dmitri Medvedev nədən belə sərt bəyanatla çıxış edib?

Sualı cavablamaq üçün bir qədər geriyə dönək.

Rusiyanınn müdafiə naziri Sergey Şoyqu aprelin 4-də fransalı həmkarı Sebastyan Lekornyu ilə telefon söhbəti zamanı "Crocus Hall"dakı teraktın arxasında "Qərb ölkələrinin və ya ölkələrindən birinin durduğu barədə məlumatlar"ın olduğunu vurğulamışdı.

Təbii ki, S.Lekornyu bu iddianı təkzib etmiş, terrorizmdə mübarizədə Fransanın Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu demiş, aksiyanın İŞİD tərəfindən törədildiyinə dəlalət edə biləcək nüanslara diqqət yetirməyin gərəkli olduğunu vurğulamışdı.

Fransa beynəlxalq terrorizmdən ən çox zərər görən ölkələr sırasındadır. Parisdə törədilmiş məşum və qanlı terror aktlarını, bu aksiyalarda yüzlərlə günahsız insanın həlak olduğunu unutmayaq. Fransanın xüsusi xidmət strukturları da terrorizmə qarşı mübarizə aparırlar.

Bütün bunlarla yanaşı, Fransanın bəzi terror təşkilatları ilə sıx və ya dolayı yollarla əlaqələri olduğu da vurğulanır.

İddiaları və emosional bəyanatları bir tərəfə qoysaq, Fransanın bir sıra şirkətlərinin, habelə xüsusi xidmət strukturlarının müxtəlif formatlarda terror qruplaşmaları ilə əlaqələr saxladığını görə bilərik.

Məqsədlər fərqlidir: siyasi, iqtisadi, humanitar, geosiyasi, hərbi və s.

Məsələn, Rusiya daxilində etnik və ya dini zəmində qarşıdurmaların yaranması, cəmiyyətdə miqrantlara, xüsusilə də müsəlman miqrantlara qarşı mənfi yanaşmanın formalaşması, stabilliyin pozulması və bu kimi proseslər Ukraynada hərbi əməliyyatlar aparan ölkəni, yəni Rusiyanı zəiflətməyə çalışan Fransanın maraqlarına cavab verir.

Eyni zamanda, Fransanın Ermənistanı total dəstəklədiyini və ermənilərdən vasitə qismində istifadə edərək Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını minimuma endirməyə çalışdığını da xatırlasaq, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi də Parisin maraq dairəsindədir.

Səbəb? Bəsitdir: "Crocus Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur və bu kompleksdə müsəlman miqrantların terakt törətməkdə suçlanması Rusiya cəmiyyətində azərbaycanlılarla yanaşı, ümumiyyətlə, müsəlmanlara antipatik yanaşmanın formalaşması məqsədi güdə bilər.

Fransanın bu sahədə təcrübəsinin olmadığını da deyə bilmərik.

İki il əvvəl yüzlərlə yezid Fransanın "Lafarge" sement istehsalçısıın məhkəməyə verərək dünyanın ən iri sement şirkətlərindən birini İŞİD terror təşkilatını maliyyələşdirməkdə suçlamışdı.

ABŞ-ın Nyu-York Federal Məhkəməsinə təqdim edilmiş iddianamədə vurğulanırdı ki, "Lafarge" şirkəti "İŞİD-i beynəlxalq terror aktlarına təşviq edərək bu qruplaşma ilə sövdələşməyə girib".

İŞİD-in divan tutduğu yezidlər "Lafarge"dən külli miqdarda təzminat tələb edirlər.

2022-ci ilin oktyabrında isə "Lafarge" İŞİD və "Cəbhət əl Nüsrə" terror təşkilatlarına böyük məbləğdə vəsait ödəməkdə suçlu bilinmişdi. Belə ki, şirkət Suriyanın şimalındakı zavodunun "normal fəaliyyət" göstərməsinin "təmin edilməsi" üçün terrorçulara hər ay 8 milyon dollar ödəyirdi.

Ümumilikdə şirkət məhkəmə qərarı ilə 777,78 milyon dollar məbləğində cərimlənmişdi.

Türkiyənin "TRT World" teleradioşirkətinin də "Fabrik: Məxfi fransız əməliyyatı" ("The Factory: A Covert French Operation") sənədli filmi bu çirkin əməliyyatlardan bəhs edirdi.

Filmdə Fransanın xüsusi xidmət strukturlarının terror təşkilatları ilə əlaqələri ifşa edilmişdi.

Fransanın həmin strukturlarının İŞİD, "Cəbhət əl Nusra", PKK və digər terror təşkilatları ilə əlaqələri barədə ölkə rəhbərliyinin daim məlumatı olub. Suriyada terror qruplaşmalarına pul ödənməsi əməliyyatlarına dolayısı ilə nəzarət edənlərdən biri də həmin dönəmdə Fransanın maliyyə və rəqəmsal iqtisadiyyat naziri postunda çalışmış Emmanuel Makron idi.

Sadəcə, bir fakt: 2013-2014-cü illərdə "Lafarge" və Fransanın xüsusi xidmət strukturları arasında 32 dəfə gizli danışıqlar aparılıb.

O da məlumdur ki, İŞİD məhz "Lafarge"dən pulsuz əldə etdiyi sement hesabına beton bunkerlər və yeraltı tunellər inşa etmişdi.

Suriyanın şimalındakı Cəlabiyyədə inşa etdiyi sement zavodunun fəaliyyətini dayandırmamaq üçün "Lafarge"nin terrorçulara pullar ödəməsi barədə hələ 2016-cı ilin iyun ayında Fransanın "Le Monde" qəzeti də araşdırma dərc etmişdi.

Suriya ilə yanaşı, Afrikada da Fransanın xüsusi xidmət təşkilatları ilə terror qruplaşmaları arasında çox məxfi, sıx əlaqələr var.

Belə ki, Afrikanın qərbindəki "Əl Mürabitun" və "Əl Müləssəmun", "Vilayəti Somali", "Niger deltasının Azadlıq Hərəkatı" (The Movement for the Emancipation of the Niger Delta, MEND) və s. terror qruplaşmalarının Parisdəki xüsusi emissarlarla əlaqələri barədə iddialar səngimir.

Somalinin cənubundakı Qalala dağlarına sığınan, İŞİD-in Afrikadakı ən çoxsaylı törəmə qruplaşmalarından olan "Vilayəti Somali"nin liderləri Mahad Maoalim və Muhəmməd Dulyadinin Fransanın Xarici Təhlükəsizlik üzrə Baş İdarəsi (Direction générale de la Sécurité extérieure, DGSE) və Baş Tədqiqat və Analiz İdarəsi (Direction générale des études et recherches, DGER) ilə intensiv əlaqələrdə olduqları vurğulanır.

Fransanın xüsusi xidmət strukturlarının ötən əsrin əvvəllərindən erməni terrorizminə genişmiqyaslı dəstək verdikləri də Polişinel sirridir. ASALA terror qruplaşmasının Türkiyə diplomatlarına qarşı həyata keçirdikləri terror aksiyalarının və sui-qəsdlərin bilavasitə iştirakçılarının məhkəmələrdə vəkillərlə təmin edilməsindən tutmuş, onların sonradan azadlığa buraxılmasınadək bir çox əməliyyatlarda Parisin birbaşa əli var.

Azərbaycan Demokratik Cumhuriyyətinin məşhur üzvlərinə qarşı sui-qəsdlərin planlaşdırılmasında da Fransanın bilavasitə iştirakı barədə çox yazılıb.

İkinci Qarabağ Müharibəsi günlərində Fransadan İrəvana yollanan, oradan da Xankəndinə keçən «erməni könüllülər»in formalaşması, silahlandırılması və s. ilə bağlı xərclərin Paris tərəfindən qarşılanması barədə ermənilərin özlərinin etirafları mövcuddur.

Dünyanın bir sıra bölgələrində terrorizmi bu və digər şəkildə dəstəkləyən, hədəfə aldığı ölkələrdə stabilliyi pozmağa və qarşıdurmalar yaratmağa çalışan Fransanın bu çirkin əməllərini qətiyyətlə pisləmək yetməz.

Belə əməllərin təkrarlanmaması üçün effektiv beynəlxalq mexanizmlərin hazırlanmasına ciddi ehtiyac duyulur.

Əks təqdirdə Emmanuel Makronun məkrli strategiysı fasilə verməyəcək.

Xəbər lenti

Xəbər lenti