...

Prezident İlham Əliyevdən növbəti tarixi zəfər: bir güllə atılmadan Qazaxın 4 kəndi qaytarılır - ŞƏRH

Siyasət Materials 19 Aprel 2024 19:48 (UTC +04:00)
Prezident İlham Əliyevdən növbəti tarixi zəfər: bir güllə atılmadan Qazaxın 4 kəndi qaytarılır - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin siyasəti Azərbaycana qələbələr gətirməkdə davam edir. 44 günlük Vətən müharibəsindən sonra bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam rayonları işğaldan azad olunduğu kimi, bu gün erməni işğalı altında qalmış 4 qeyri-anklav kəndimiz də qaytarıldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Qərb sərhədlərimizin delimitasiyası prosesinə mane olmağa çalışırdı.

"Amma ölkə başçımızın dəyişilməz mövqeyi və siyasi iradəsi Ermənistanı delimitasiyaya məhz Qazax rayonundan başlanmasına razı salmasına yol açdı. Azərbaycan 3,5 il əvvəl müharibənin başa çatdığını və qalan məsələləri sülh danışıqları yolu ilə həll olunmasını dəstəklədiyini bəyan etsə də, Qərb Azərbaycanın Ermənistana yenidən hücum edəcəyi ilə bağlı reallığa söykənməyən təxribat xarakterli informasiyalar dövrüyyəyə buraxmaqda davam edirdi. Bu gün 4 kəndimizin qaytarılması prosesinin baş tutması Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqların daha uğurlu olduğunun sübutudur. Qərb bizim işlərimizə qarışmasa biz öz münasibətlərimizi qısa zaman kəsiyində formalaşdıra bilərik. O cümlədən bəzi fikir ayrılığı yaradan məsələləri də bizim öz aramızda həll etməyimizdə heç bir problem görmürəm. Azərbaycanla Ermənustan arasında delimitasiya prosesinin uğurla davam etdirilməsi ölkələrimizi sülhə daha da yaxınlaşdırır. Mən inanıram ki, yaxın zamanda ölkələrimiz əməkdaşlıq və qonşuluq münasibətlərinin formalaşması mərhələsinə keçid edəcəkdir. Təbii ki, bütün bu uğurların müəllifi Prezident İlham Əliyevdir", - deyə o əlavə edib.

Politoloq İlyas Hüseynov Trend-ə isə bildirib ki, bu gün şərti sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının səkkizinci iclası keçirilib.

"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası baş tutub. 30 ildən artıq Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin bir güllə də atılmadan Azərbaycanın nəzarətinə qaytarılması təmin edilib!

Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması ilə bağlı mühüm məsələnin təşəbbüskarı oldu. O vaxtdan bu istiqamətdə aktiv işlərə başlanılıb. Bu gün biz ölkəmizin milli maraqlarını əks etdirən bu genişmiqyaslı prosesin məntiqi yekunlaşmasının şahidi oluruq.

Bu addım sərhədlərin delimitasiyası prosesinin başlanğıcını qoydu və onun ilk addımları məhz Qazax rayonunda atıldı. Azərbaycan strateji əhəmiyyətini vurğulayaraq delimitasiyaya məhz bu ərazidən başlamaqda israr etdi", - politoloq vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqı, ABŞ və bir sıra Qərb ölkələri delimitasiya prosesinə təsir göstərməyə çalışsalar da, Azərbaycan onların müdaxiləsinin qarşısını ala bildi.

"Nəticədə Azərbaycan və Ermənistan ortaq dil tapdılar və ortaya çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını sübut etdilər. Beləliklə, Qərbin “sülhməramlıları” Azərbaycan-Ermənistan dialoquna nə qədər az müdaxilə etsələr, Cənubi Qafqaza sülh və firavanlıq bir o qədər tez gələcək.

Bu hadisə 2023-cü ilin sentyabrından sonra Azərbaycanın Qarabağ üzərində suverenliyinin yekun təsdiqi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla mühüm qələbələr silsiləsində yeni həlqə oldu. İndi bu sıraya dörd Azərbaycan kəndi üzərində nəzarətin qansız qaytarılması da əlavə edilir. Biz bir daha şahidi oluruq ki, Prezident İlham Əliyev tərəfindən nəzərdə tutulan bütün təşəbbüslər ölkəmizin maraqlarını tam əks etdirir.

Fransa və bir sıra digər Qərb dövlətlərinin Azərbaycanın guya Ermənistana hücuma hazırlaşdığı və bu ölkənin ərazisində hərbi ambisiyaların olması ilə bağlı yaydığı təbliğat nəhayət ki, təkzib olundu. Bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və yalançı təbliğat kampaniyasının tərkib hissələrindən başqa bir şey deyildi.

Əminliklə deyə bilərik ki, bu, Azərbaycanın və onun Prezidenti İlham Əliyevin növbəti parlaq qələbəsidir. Qələbərimiz mübarək!“,- deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti