Bakı. Trend:
Azərbaycanda parlament seçkiləri beynəlxalq prinsiplərinə və standartlarına uyğun keçirilib.
Trend xəbər verir ki, bu barədə Demokratiya və İqtisadi İnkişaf Təşkilatının (GUAM) Baş katibi Altay Əfəndiyev mətbuat konfransında bildirib.
"Azərbaycan Respublikasında parlament seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış milli qanunvericiliyə, qaydalara və prosedurlara, eləcə də, demokratik seçkilərin beynəlxalq prinsiplərinə və standartlarına uyğun təşkil edilib və keçirilib", - o bildirib.
Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının üzvləri və seçki məntəqələrindəki müşahidəçilər müxtəlif siyasi partiyalardan və müstəqil olan namizədləri təmsil edirdilər.
"Seçki prosesinə, səsvermənin təşkilinə və seçki məntəqələrində komissiyaların fəaliyyətinə gəlincə, qrup qeyd edir ki, ümumilikdə vətəndaşların sərbəst iradəsini ifadə etmək üçün lazımi şərait təmin edilib", - o əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.