Bakı. Trend:
Cənubi Qafqazdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.
"Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur", - deyə A.Hacızadə bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və rəsmi Bakı bu kimi bəyanatları qətiyyətlə pisləyir.
"Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı", - deyə mətbuat katibi əlavə edib.
Qeyd edək ki, 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib.