Bakı. Trend:
Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində Təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxışı zamanı deyib.
“Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Zirvə Görüşünün, habelə bu çərçivədə qəbul olunacaq Bəyannamə və Türk Dünyasının Xartiyası da daxil olmaqla bütün sənədlərin Təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə dair inam ifadə olunub.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin yenidənqurma fəaliyyətinin birgə əməkdaşlıq, o cümlədən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.
Çıxış zamanı, həmçinin ölkəmizin COP29 sədrliyi, görülən hazırlıq işlərindən ətraflı bəhs olunub, Türk dünyasında ilk dəfə keçiriləcək bu mötəbər tədbir çərçivəsində bir sıra birgə təşəbbüslərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.