Bakı. Trend:
Azərbaycanın dörd il bundan əvvəl əldə etdiyi, qazandığı möhtəşəm zəfər, əslində, Azərbaycanın güclü iqtisadiyyatının qələbəsidir.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hər şeydən əvvəl, əldə olunan nailiyyətin əsasını təşkil edən amillər içərisində Azərbaycanın gücü və ilk növbədə iqtisadi gücü bir amil kimi qeyd olunmalıdır:
"Bu mənada, Azərbaycanın dörd il bundan əvvəl əldə etdiyi, qazandığı möhtəşəm zəfər, əslində, Azərbaycanın güclü iqtisadiyyatının qələbəsidir. Mən bu anda Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi bir sözü diqqətinizə çatdırmaq istəyirəm: "İqtisadiyyatı güclü olan bir dövlət hər şeyə qadirdir". Azərbaycan müharibədə əldə etdiyi zəfərlə, əslində, Heydər Əliyevin bu müdrik kəlamlarının nə qədər böyük həqiqətə malik olduğunu sübuta yetirmiş oldu.
Müharibənin qələbə ilə nəticələnməsinin çox vacib amillərindən biri, təbii olaraq, Azərbaycanın ordusu, əsgəri və zabitləridir. Heç bir müharibə ordunun iştirakı olmadan və orduda çalışan, orduda vuruşanların qəhrəmanlığı olmadan qələbə ilə nəticələnmir".