Bakı. Trend:
Avropa, xüsusən də Fransa beynəlxalq siyasi arenada itirilmiş nüfuzunu bərpa etməyə tələsir.
Bunu Trend-in suallarını cavablayarkən Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, dəyişən və fərqliləşən dünya nizamı şəraitində yeni siyasətlər yürütməyə çətinlik çəkən Avropanın yeritdiyi klassik xarici siyasət getdikcə iflasa uğrayır və Avropa bütün dünyada nüfuzunu itirir.
"Aİ ölkələri arasında ən böyük reputasiya itkisinə məruz qalan Fransanın öz arxa bağçası kimi gördüyü Afrikadan qovulması, xüsusilə Fransa və ümumilikdə Aİ üçün daha bir uğursuzluq oldu. Xarici siyasətinin uğursuzluğundan yaranan mənfi imicdən qurtulmaq üçün Avropanın yeni uğur hekayələrinə ehtiyacı var.
Xüsusilə Fransa COP29 Sammitində uğurlu təşkilatçılıq qabiliyyəti ilə dünyada imicini yüksəldən Azərbaycanı hədəfə alaraq, Ermənistan vasitəsilə sıxışdırmağa çalışaraq Cənubi Qafqazda təsir dairəsi yaratmaq istəyir. İctimai rəydə nüfuzunu Fransa qədər itirən Paşinyanın da uğur hekayəsinə ehtiyacı var",- deyə o bildirib.
M.Yüce həmçinin əlavə edib ki, Paşinyan buna nail ola bilmək üçün Azərbaycana qarşı uğur qazanmalıdır.
"Odur ki, getdikcə daha çox silahlanan Paşinyanın Fransa və digər Qərb ölkələri başda olmaqla, Azərbaycana qarşı kiçik də olsa müharibə planlaşdırdığını görmək mümkündür. Onların planlarınaəsasən bu, həm Paşinyanı düşdüyü vəziyyətdən xilas edəcək, həm də Fransanın yaşadığı xarici siyasət uğursuzluğunu az da olsa düzəldəcək.
Lakin hər iki ölkə Azərbaycanın artan qüdrətindən və dünyada artan imicindən yetərincə xəbərdar deyil. Çünki belə bir addım həm Ermənistan, həm də Fransa üçün yeni bir iflas olardı. Ermənistan yeni dünya konyunkturasında Azərbaycanın yüksələn gücə malik olduğunu görməlidir", - deyə o əlavə edib.