...

Ukraynada sülhməramlıların yerləşdirilməsi: dinc missiya, yoxsa gizli planın bir hissəsi?

Siyasət Materials 29 Noyabr 2024 22:41 (UTC +04:00)
Trend-in siyasət şöbəsi
Trend-in siyasət şöbəsi
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosunun məlumatına əsasən, NATO, Ukraynada döyüş meydanında Rusiyaya strateji məğlubiyyət yaşatmaq perspektivinin qeyri-mümkünlüyünü nəzərə alaraq, münaqişəni "dondurmağa" daha çox meyil edir.

"Qərb belə bir ssenarini Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək və Kiyevi növbəti hücuma hərtərəfli hazırlamaq üçün fürsət kimi görür. NATO artıq Ukraynada hərbi təlim mərkəzləri yaradır və bu mərkəzlər vasitəsilə ən azı bir milyon səfərbər edilmiş ukraynalının təlimi planlaşdırılır. Eyni zamanda, atəşkəs dövründə alyansın əsas prioritetlərindən biri də Ukraynanın hərbi-sənaye kompleksinin yenidən qurulması olacaq. Bu prosesdə Almaniyanın Rheinmetall şirkəti də daxil olmaqla, Qərb hərbi-sənaye müəssisələri ilə aktiv əməkdaşlıq aparılır. Şirkətlərdən yalnız maliyyə yatırmaq deyil, həm də Ukraynaya qabaqcıl mütəxəssislər və yüksək texnologiyalı avadanlıqlar göndərmək tələb olunur. NATO qərargahı başa düşür ki, Ukrayna Silahlı Qüvvələrini kifayət qədər silah və sursatla təmin etmədən uzun müddət yüksək intensivlikli hərbi əməliyyatların aparılması qeyri-realdır,” – deyə XKX-in bəyanatında bildirilir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin fikrincə, bu məqsədlərə çatmaq üçün Qərb Ukraynanı faktiki olaraq "işğal etməyə" hazırlaşır.

"Təbii ki, bu işğal prosesi ölkəyə 'sülhməramlı kontingentin' yerləşdirilməsi adı altında həyata keçiriləcək. İşğalçılar arasında bölüşdürüləcək ərazilər artıq müəyyən edilib:

- Qara dəniz sahili Rumıniyanın nəzarətinə veriləcək;
- Ukraynanın qərb bölgələri Polşanın;
- Ölkənin mərkəzi və şərqi Almaniyanın;
- Şimal bölgələri, o cümlədən Kiyev ətrafı Böyük Britaniyanın nəzarətində olacaq.

Ümumilikdə, Ukraynada 100 min nəfərlik qondarma sülhməramlı kontingentin yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, daxil olan məlumatlara görə, Almaniyanın Bundesver ordusu, İkinci Dünya Müharibəsi dövründə faşist qüvvələrinin Ukraynada tətbiq etdiyi işğal idarəetmə təcrübəsindən istifadə etmək planları üzərində düşünür. Bununla belə, ukraynalı millətçilərin xüsusi cəza dəstələri olmadan yerli polis funksiyalarını icra etməyin mümkün olmayacağını qeyd ediblər. Bu dəstələrə fərqli ad veriləcək, lakin mahiyyət etibarı ilə Bandera qüvvələrinin yenidən ortaya çıxmasından ibarət olacaq," – deyə bəyanatda qeyd olunur.

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Trend-ə açıqlamasında bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Qərbin bəzi qlobalist elitalarının Ukrayna ilə bağlı gözləntiləri və planları barədə xəbərdarlıq edib.

"Hal-hazırda Qərbdə Ukrayna ətrafındakı böhranın həlli ilə bağlı müxtəlif ssenarilər və ehtimallar geniş müzakirə olunur. Bu prosesdə biz Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) açıqlamalarına əsaslanırıq, çünki onlar etibarlı məlumat mənbələrinə malikdir. Bu məlumatlar bizə Qərbin Ukraynanın gələcəyini necə təsəvvür etdiyini göstərir: münaqişənin təmas xətti boyunca dondurulması və ardınca Ukraynanın bəzi bölgələrinin NATO ölkələrinin nəzarəti altına keçməsi. Bu prosesin iki əsas məqsədi var – həmin ərazilərdə nəzarəti təmin etmək və eyni zamanda Ukraynanın hərbi potensialını Rusiyaya qarşı gələcək əməliyyatlar üçün gücləndirmək," – deyə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.

Korotçenko əlavə edib ki, hazırda ABŞ-ın yeni administrasiyası, xüsusilə də Donald Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna böhranının həlli ilə bağlı bir sıra gözləntilər var.

"Tramp administrasiyası artıq Ukrayna məsələsi üzrə xüsusi nümayəndə təyin edib – istefada olan yüksək rütbəli general. Buna baxmayaraq, mən inanıram ki, nə Trampın özü, nə də onun komandası böhranı hansı yolla həll edəcəyi barədə dəqiq plana malik deyil. Bu arada, Rusiya Xarici Kəşfiyyat Xidməti NATO üzvü olan ölkələrin hərbi-siyasi dairələrində məlumat əldə etməklə bəzi Qərb elitalarının planlarını və gözləntilərini dəyərləndirib. Əminliklə deyə bilərəm ki, Rusiya, prezident Vladimir Putinin əvvəlcədən irəli sürdüyü şərtləri qəbul etməyən heç bir təklifə razı olmayacaq.

Putinin şərtlərinə əsasən, Ukrayna ordusu Rusiyanın yeni dörd subyektinin – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən tamamilə geri çəkilməlidir. Bundan sonra Ukraynanın denasifikasiyası və demilitarizasiyası məsələsi gündəmə gələcək. Hazırda biz Ukrayna böhranı ətrafında gərginliyin artdığını müşahidə edirik və bu proses eskalasiya nərdivanında yüksəlməkdə davam edir. Trampın inauqurasiyasına hələ iki ay qalsa da, bu müddət ərzində vəziyyətin daha da dəyişməsi mümkündür. Lakin hər bir halda Rusiya, mənim fikrimcə, Putinin irəli sürdüyü və dəyişməyəcək mövqeyinə sadiq qalacaq. Danışıqlar üçün əsas şərtlər bunlardır," – deyə Korotçenko vurğulayıb.

Ukraynanın keçmiş Baş naziri və keçmiş Xarici İşlər naziri Konstantin Qrişenko isə Trend-ə bildirib ki, Donald Trampın seçilməsindən sonra Ukraynada müharibənin dayandırılması ilə bağlı müxtəlif səviyyələrdə – dövlətlərarası görüşlərdə, ekspert müzakirələrində və nüfuzlu media platformalarında yeni ideyalar və təkliflər daha fəal şəkildə müzakirə olunur.

“Bu kontekstdə davamlı atəşkəs mövzusunu son məqsədə - gələcəkdə təcavüzün təkrarlanmasına qarşı etibarlı təminatlarla beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan davamlı sülhə nail olmaq üçün zəruri ilk mərhələ kimi nəzərdən keçirmək məntiqlidir.

Bununla yanaşı, Rusiya Federasiyası belə bir həll yolunu qəbul etməyə hazır deyil. Kreml, Ukraynaya və onu dəstəkləyən ölkələrə tam təslim olmaq və nəticədə Ukrayna dövlətçiliyinin faktiki olaraq məhv edilməsi ilə bağlı ultimatumunu zorla qəbul etdirmək niyyətindədir. Bu istiqamətdə verilən rəsmi bəyanatlar və Rusiyanın digər dövlət qurumlarının mövqeləri məhz bu məqsədə xidmət edir. Onların əsas məqsədi bu problemin həllini başqa müstəviyə çıxarmaqdır, başqa bir mənası yoxdur,” – o bildirib.

Öz növbəsində, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə bildirib ki, o, Ukraynanın ərazisinin “işğal zonalarına” bölünməsi ilə bağlı hər hansı bir plan eşitməyib. "Bu cür məlumatlar mənə məlum deyil," – deyə o qeyd edib.

“Mən bu məsələləri çox yaxından izləyirəm və indiyə qədər belə bir plan eşitməmişəm. Bu, sadəcə olaraq Rusiyanın təbliğatıdır. Polşa müəyyən gözləntilər içində idi ki, bəlkə özü və digər maraqlı NATO üzvü dövlətlər Ukraynaya qoşun göndərə bilər. Lakin bu, NATO əməliyyatının tərkib hissəsi kimi deyil, fərdi dövlətlərin təşəbbüsü olaraq planlaşdırılırdı. Ancaq bu təşəbbüs nə Qərbin sülhməramlı qüvvələrinə, nə də “işğal” anlayışına aid deyildi,” – deyə ABŞ-ın keçmiş səfiri Metyu Brayza bildirib.

Bundan əlavə, amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys Trend-ə açıqlamasında bildirib ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ukrayna ilə bağlı hazırkı qiymətləndirməsi reallığa uyğundur.

“Bu plana əsasən, Ukrayna ərazisinə 100 mindən çox sülhməramlı qüvvə yerləşdiriləcək. Onların əsas məqsədi isə Avropada silahlı münaqişənin daha da genişlənməsinin qarşısını almaq deyil, əksinə, bu münaqişəni yeni səviyyəyə qaldırmaq olacaq,” – deyə Teis qeyd edib.

Onun sözlərinə görə, Polşa qoşunlarının sülhməramlı qüvvələr adı altında Ukrayna ərazisində əməliyyatlara qatılması ciddi strateji səhv olmaqla yanaşı, regional təhlükəsizlik üçün də böyük təhdid yaradacaq.

“Xarici qoşunların Ukraynada yerləşdirilməsi Rusiyaya Almaniya, Rumıniya, Böyük Britaniya və Polşada kəşfiyyat əməliyyatları həyata keçirmək, həmçinin bu ölkələrin daxili siyasi alyanslarına təsir göstərmək üçün hüquqi əsas verəcək,” – deyə Piter Teis vurğulayıb.

Teysin fikrincə, NATO Ukrayna ərazisində sülhməramlı əməliyyatları dəstəkləməyə davam edərsə, bu, alyansın zəifləməsinə və onun Avropa təhlükəsizliyinə təsirinin azalmasına səbəb ola bilər.

“Hazırda NATO-ya üzv olan 31 ölkədən yalnız 21-i müdafiə xərcləri üçün ÜDM-in 2%-i hədəfinə nail olub. Bu isə böhran vəziyyətində alyansın effektivliyi və uzunmüddətli dayanıqlılığı ilə bağlı ciddi suallar doğurur,” – deyə Teis əlavə edib.

Xəbər lenti

Xəbər lenti