...

Ermənistandakı Azərbaycan mədəni irsi təhlükə altındadır – Haşimi Universitetinin professoru

Siyasət Materials 5 Dekabr 2024 19:06 (UTC +04:00)
Ermənistandakı Azərbaycan mədəni irsi təhlükə altındadır – Haşimi Universitetinin professoru
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistandakı Azərbaycan mədəni irsi təhlükə altındadır.

Trend xəbər verir ki, bunu İordaniyanın Haşimi Universitetinin professoru Mohammed Vahib Hüseyn “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

"Ermənistanda Azərbaycan xalqına məxsus çoxsaylı arxeoloji və mədəni irs nümunələri, o cümlədən, məscidlər, qəbiristanlıqlar və tarixi məkanlar mövcuddur. Lakin onların bir çoxu siyasi münaqişələr nəticəsində dağıdılıb və ya unudulub. Nəticədə bu irs ciddi təhlükə altındadır", – deyə o bildirib.

Professor Mohammed Vahib Hüseynin sözlərinə görə, Azərbaycan kimliyini silmək, məhv etmək, dağıtmaq və yox etmək cəhdləri illər əvvəl başlayıb və bu gün də davam edir.

"Biz bu konfransda dünya ictimaiyyətini bu məsələyə diqqət yetirməyə çağırmaq üçün bir araya gəlmişik. Bu, bizim ümumi, qlobal məsuliyyətimizdir. Bütün ölkələr anlamalıdırlar ki, bu irs yalnız Azərbaycan xalqının və ya hər hansı bir qrupun deyil, bütün bəşəriyyətin mirasıdır. Hazırkı şəraitdə bir çox çağırışlar mövcuddur, lakin milli kimliyi qorumaq da vacibdir və biz buna qayğı göstərməliyik", – deyə o əlavə edib.

Xatırladaq ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilib.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.

Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti