Bakı. Trend:
Heyvanlarla rəhmsiz rəftara görə cərimələr artırılıb.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə təsdiqlədiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə – beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Sözügedən əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə – səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Eyni zamanda, bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda – min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan əlavə, eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda – min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.